Atatürk bir geyimlə şəhəri işğaldan belə qorudu – Tarixi addım

IMG 3079
Globalinfo.az Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürklə İtaliyanın faşist diktatoru Benito Mussolini arasında keçən tarixi olayla bağlı yazını təqdim edir:

“Yeni Roma imperatoru”

1925-ci ildə İtaliyada hakimiyyəti ələ keçirən Benito Mussolini “İl Duce” titulunu alaraq özünü diktator elan etdi. Bununla da kifayətlənməyən Mussolini İtaliyanı böyük Avropa dövləti kimi bərpa etməyə cəhd göstərdi. Bu məqsədlə əvvəlcə Liviyanı, daha sonra Efiopiyanı işğal etdi. Bu işğallarla cəsarətlənən Mussolini özünü “Yeni Roma imperatoru” kimi görməyə başladı. Beləcə növbəti hədəf kimi Türkiyəni seçdi.

Mussolini Antalyanın Birinci Dünya müharibəsindən sonra İtaliyaya verildiyini, buna görə də həmin ərazinin geri qaytarılması tələbini irəli sürərək Ankaranı təhdid etməyə başladı. Proseslər ilk vaxtlar italyan tələbələrin Türkiyənin Romadakı səfirliyinin qarşısında nümayiş keçirməsi ilə müşahidə edilsə də, qısa müddət sonra diplomatik kanallarla tələb kimi səslənməyə başladı. Bununla da kifayətlənməyən Mussolini həmin vaxtlar İtaliyanın nəzarətində olan Rodos adasına 40 min hərbçi cəmlədi. Bu, gərginliyi daha da artırdı.

Atatürkün son dəfə marşal forması geyinməsi

1925-1938-ci illərdə Türkiyənin xarici işlər naziri olmuş Tevfik Rüştü Arasın xatiratında qeyd olunur ki, İtaliyanın Ankaradakı səfiri Povli Atatürklə görüşmək üçün Çankayaya – prezidentin iqamətgahına gəlir. Özündənrazı, təkəbbürlü səfir yekəxana tərzdə eyham vurmağa çalışır. Mövzu İzmirə gələndə Atatürk sakitcə ayağa qalxır, “Mənə 10 dəqiqə vaxt verməyinizi xahiş edirəm” deyərək yan otağa keçir.

On dəqiqə sonra Mustafa Kamal Paşa marşal formasında, təpədən dırnağadək qurşanmış şəkildə səfirin yanına qayıdır və “Buyurun, indi sizi dinləyirəm” deyir. İtalyan səfir çaşqın halda ona baxır. Atatürk səfirin gözlərinin içinə baxaraq bunları söyləyir:

“Get o kaftara de ki, 40 min əsgərlə İzmiri ala bilməz, amma mən 4 min əsgərlə Romaya girərəm”.

Atatürkün övladlığa götürdüyü prof.dr.Afət İnanın xatirələrində hadisələr bir qədər fərqli qeyd edilib. Onun sözlərinə görə, İtaliya səfiri Atatürkü qarşısında marşal forması ilə görəndə sadəcə  “Zati-aliləri, Ducenin salamlarını və xoş arzularını çatdırmaq üçün sizi narahat etmişdim” deyib, dərhal oranı tərk edib.

Səhəri gün Mussolini əsgərlərini Rodosdan çıxardı və bir daha Antalyanın adını çəkmədi.

Mənbə:

Ergun Candan, Gizli Yönleriyle Atatürk, s.222

Münir Hayri Egeli, Atatürk’ten Bilinmeyen Hatıralar, Ankara, 1959, s.74–75

Hasan Rıza Soyak, Atatürk’ten Hatıralar II, İstanbul, 1973, s.526.

Turan Rzayev

Globalinfo.az