Aşıqlar üçün yeni forma təklif edilir – AÇIQLAMA

Din xadimləri üçün yeni və müasir formanın təqdim edilməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bir çoxu aşıqların da geyiminin dəyişdirilməsini təklif ediblər.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan teleaparıcı Qorxmaz Tofiqoğlu bütün peşə sahibləri üçün xüsusi formanın mütləq olmadığını bildirib:

Onun sözlərinə görə, aşıq geyiminə görə yox, zəkasına, fitri istedadına görə seçilməlidir:

“Aşıq əgər yaxşı çalıb-oxuya bilmirsə, avazı yoxdursa, əynindəki forma heç nəyə xidmət etməyəcək. Bəyəm bütün peşə sahibləri üçün bir xüsusi forma olmalıdır?! Forma çox şeyi həll etmir.  Mən bu analoqgiyanın əleyhinəyəm ki, aşıq molla ilə müqayisə olunmamalıdır. Bunlar tam ayrı sahələrdir, performans və gördüyü işlər fərqlidir”.

Aşıq Elməddin isə son vaxtlar aşıqlarımız üçün bir neçə fərqli variantda paltarların tikildiyini qeyd edib:

“Biz artıq dədə-baba aşıqlarımızın geyindiyi çəkmələrdən çıxmışıq. Buxara papaq bizim milliliyimizdir. Amma çəkmələr indiki dövrə uyğun deyil. O zaman toylar mağarda olduğu üçün ondan geyinirdilər. İndi yeni forma və ayaqqabıdan geyinir, papağımızı da başımıza taxıb məclislərə gedirik”.

Zaira Akifqızı
Globalinfo.az