“Arvad” aranı qatdı – deputat tənqid olundu, AMEA-dan izah gəldi

“Arvad” aranı qatdı – deputat tənqid olundu, AMEA-dan izah gəldi

Deputat Qüdrət Həsənquliyev Milli Məclisin iclasında deyib ki, “Ermənistanın Baş naziri Nikol Paşinyanın arvadı” ifadəsinə görə onu sosial şəbəkələrdə tənqid ediblər. 

O, Mülki Məcəllədə, qanunvericilikdə ər-arvad ifadələrinin yer aldığını qeyd edib:

Sitat: “Əgər bu gün kar-kor sözlərini məhdudiyyətlə əvəzləyiriksə, qanunvericilikdə müəyyən dəyişikliklər edilməli, ər-arvad ifadəsi də “həyat yoldaşı” ilə əvəz olunmalıdır”.

İzdivacın, nikahın adı qanunvericilikdə ər-arvaddırsa, “arvad” sözü niyə belə top-tüfənglə qarşılanır? 

Globalinfo.az-a danışan AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova deyib ki, “ər-arvad” sözü Azərbaycan dilinin Orfoqrafiya lüğətində də mövcuddur.

Onun sözlərinə görə, “ər-arvad” sözünün yazılışı da qeyd edilir:

“Eyni zamanda qanunvericilikdə nikaha daxil olan iki gəncin evli olduğunu ifadə etmək üçün “bu gündən etibarən sizi ər-arvad elan edirəm” deyilir. Bununla yanaşı, “Kitabi Dədə Qorqud”dan üzü bu günə, bütün yaradılış dastanlarımızda, eləcə də folklorun istənilən sahələrində “ər-arvad” sözünə rast gəlmişik. Həm şifahi xalq ədəbiyyatında, həm yazlı ədəbiyyatda. Məsələn, Sabit Rəhmanın yazılarında “arvad qab dəsmalı ilə yaşarmış gözlərini silib, ərinin qarşısında döyükə-döyükə qaldı” sözünü də görmüşük.

Ərə getmək, yəni nikahlanmaq, evlənmək və birinin həyat yoldaşı, arvadı olmaq deməkdir. Ya “ər” sözü, ya “arvad” sözü bu gün həyat yoldaşı ilə dəyişdirilirsə, kiminsə əri, kiminsə arvadı sözünü işlətmək mənə görə şəxsən, qəbahət sayılmır. Çünki biz bunu yazılı və şifahi ədəbiyyatımızda da, əsərlərimizdə də görmüşük. Hətta Üzeyir Hacıbəyovun “qızım, səni ərə verim” mahnısının sözlərində də bunun şahidi oluruq. Burada mənə görə heç bir qadağa yoxdur. Müasir dövrdə insanların bəzən sosial şəbəkələrdə deyilən sözlərə müdaxilə etməsi hər kəsin öz baxış bucağından irəli gəlir. İnsanların yazdığı yazılarda onun özünün psixoloji və yanaşma tərzini də müəyyən etmək mümkündür. Bilirsiniz, ər-arvadla bağlı hər hansı bir xəbər saytlarında belə informasiya veriləndə “ər-arvad” sözünə rast gəliriksə, burada qəribə bir şey yoxdur”.

“Arvad” aranı qatdı – deputat tənqid olundu, AMEA-dan izah gəldi

İlhamə Qəsəbova

Folklorşünas deyib ki, qadınlar özlərinə və nişanlısına fərqli müraciət ediblər:

“Qadınlar kişilərə – “Başım baxtı”, “evim taxtı”, “Şah xan”, “Şahbaz igidim”, “Xan babamın göygüsü”, kişilər isə onlara “Xan qızı”, “qara gözlü”, “halalım”, “qadınım”, “dirəyim” deyə müraciət ediblər. Hətta bunlar eposlarda, kitablarda, dastanlarda hər zaman ifadə olunan sözlərdir. Sadəcə, müasir dövrün gənclərinin həyata baxışında “həyat yoldaşım”, “xanımım”, “bəy” və “qadın” sözləri daha çox istifadə olunur. Amma bayaq da dediyim kimi, ər-arvad sözünün istifadəsi elə də qəbahət sayılmayan bir sözdür. Çünki bu söz Azərbaycan dilinin Orfoqrafiya lüğətində yer alır”.

İ.Qəsəbova atalar sözündən sitat gətirib:

“Ər-arvadla bağlı müxtəlif atalar sözü də var. Məsələn, “ərlə-arvadın torpağı bir yerdən götürülüb”, “arvadı əri saxlar, pendiri dəri” və s. “Ər” və “arvad” sözünün işlədilməsi ağır və eyib deyil”.

Zaira Akifqızı

Globalinfo.az