Argentina-Fransa matçı danışılmış oyun olub? – Ekspertlər açıqladı

Argentina və Fransa yığmaları arasında ötən gün baş tutan final matçı ilə bağlı ən çox müzakirə olunan məsələlərdən biri də bu qarşılaşmanın danışılmış oyun olmasıdır. Azarkeşlərin bir çoxu iddia edir ki, Messinin dünya kubokuna sahib olması üçün başda FİFA olmaqla, hakimlər briqadası da əlbir olub.

Bəs sözügedən iddialar nə dərəcədə doğrudur?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan futbol mütəxəssisi, Azərbaycan millisinin baş məşqçisi Şahin Diniyev Argentinanın təmiz qələbə əldə etdiyini deyib.

O bildirib ki, Argentina ilk oyunda Səudiyyə Ərəbistanına məğlub olsa da, sonrakı qarşılaşmalarda daha yaxşı oyun göstərib:

“Argentina sərgilədiyi baxımlı oyuna görə çempion oldu. Dünənki finalda 71-ci dəqiqəyə qədər Fransa Argentinanın qapısına bir zərbə də vura bilməmişdi. İlk zərbə 71-ci dəqiqədə gəldi. Bu artıq Argentinanın hər bir cəhətdən üstün olduğunu göstərir”.

Ş.Diniyev final matçının möhtəşəm keçdiyini deyib:

“Bəlkə də, ən yaxşı, ən baxımlı final oyunlarından biri baş tutdu. Burada intiriqa var idi, oyunun taleyi hər dəqiqə dəyişə bilərdi. Sözsüz ki, qələbədə baş məqçinin də rolu var. Hətta məşqçi mundialda ilk məğlubiyyətdən sonra demişdi ki, “biz bura üç oyunluq gəlməmişik”. Bir sözlə, komanda çempion olmaq üçün hər cəhətdən möhtəşəm performans göstərdi. Mən deyərdim, tanrı da Messinin tərəfində idi”.

Ş.Diniyev Argentina azarkeşi olduğunu da gizlətməyib:

“Mən Messi azarkeşi olduğum üçün avtomatik olaraq Argentinaya azarkeşlik edirdim. Beş favoritim var idi: Argentina, Braziliya, İspaniya, Almaniya və Fransa. Braziliyanın da məğlub olmasına üzüldüm. Açığı, bu yaşıma qədər dünənki qədər həyəcanlanmamışdım”.

Ötən gün baş tutan finalı canlı şərh edən Gündüz Abbaszadə də qeyd edib ki, Argentina haqlı qələbə qazandı:

“Bu qələbə həm Argentinanın, həm də Messinin haqqı idi. Düzdür, hakim səhvləri ilə yadda qaldı, lakin dünənki oyunun möhtəşəmliyinin fonunda bu məqamların qabardılmasının tərəfdarı deyiləm. Mənə elə gəlir ki, biz bu 1 ay ərzində tarixin ən yaxşı mundiallarından birini izlədik. Dünənki final mənim izlədiyim 9 mundial arasında ən maraqlısı idi”.

G.Abbaszadə İtaliya azarkeşi olduğunu bildirib:

“Azarkeşlik etdiyim İtaliya yığması bu dəfə DÇ-də iştirak etmirdi. Amma simpatiyam olduğu komanda Serbiya idi. Lakin dünən axşam finalı bitərəf azarkeş kimi izləyirdim”.

Zaira Akifqızı
Globalinfo.az