Araik Azərbaycanın bu “köməyindən” yararlanacaq – Qəribə versiya

Ermənistanda 44 günlük müharibəni araşdıran istintaq komissiyasında dindirilmə zamanı Baş nazir Nikol Paşinyanın açıqlamaları ciddi müzakirələrə səbəb olub. Baş nazirin yenidən ifadə verəcəyi, hətta Qarabağdakı separatçıların lideri Araik Arutyunyanın da dindirilmə üçün İrəvana dəvət olunduğu bildirilib.

Azərbaycanın beynəlxalq axtarışa verdiyi separatçının bu halda İrəvana necə gedəcəyi isə sual doğurub.

İndiki şərtlərdə Araik Arutyunyanın İrəvana gedişi nə dərəcədə mümkün görünür? Həmçinin onun Xankəndidən çıxıb Ermənistana gedəcəyi halda saxlanılıb Azərbaycana gətirilməsi mümkündürmü?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Turab Rzayev bildirib ki, separatçı lider İrəvana getmək üçün müxtəlif yollar sınaya bilər:

“Düşünürəm ki, Arutyunyan İrəvana səfər edəcəyi halda müəyyən təhlükəsizlik tədbirlərinə riayət etməli olacaq. Rusiya sülhməramlılarının müşayiəti ilə Xankəndidən çıxmağa, yaxud gizli yollarla qaçmağa çalışa bilər. Bu çağırışdan imtina etməsi də mümkündür. Nəzərə alsaq ki, onu dindirilmə üçün çağırırlar, həbs ehtimalı da var. Ermənistanda elə bir təcrübə mövcuddur. Belə ki, əvvəllər Paşinyan hakimiyyəti Robert Köçəryanı da həbs edib. Hətta bütün bunları nəzərə alaraq separatçıların rəhbəri qorxduğu üçün Laçın yolunun bağlı olmasını əsas göstərib, ümumiyyətlə, İrəvana getməyə bilər”.

Turab Rzayev 

Politoloq Arutyunyanın Ermənistana dəvətinin arxasında başqa məqsədin ola biləcəyini deyib:

“Son dövrlərdə separatçıların qalıqları Azərbaycana qarşı kütləvi şəkildə silahlanırlar. Demək olar ki, 10 min nəfərlik ordu toplamağı bacarıblar. Bununla yanaşı, gizli şəkildə Çindən bomba başlıqları daşıya bilən dronlar gətiriblər. Xüsusilə Ruben Vardanyanın rəhbərliyi altında ciddi münaqişəyə hazırlaşırlar. Bölgədə Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına mane olmağa, əvəzinə lokal, hətta daha geniş müharibə yaratmağa çalışırlar. Bəlkə də Ermənistan hakimiyyəti elə buna görə Araik Arutyunyanı çağıraraq hansısa şəkildə zərərsizləşdirmək istəyir. İstənilən halda düşünürəm ki, artıq Arutyunyan və Vardanyan cütlüyünün proseslərdən uzaqlaşdırılmaq vaxtı çatıb. Azərbaycan Qarabağda yaşayan erməni icmasının başqa nümayəndələri ilə reinteqrasiya prosesi çərivəsində danışıqları davam etdirməlidir”.

Ayşən Mustafa
Globalinfo.az