Azərbaycan türk və islam dünyasını birləşdirir – Politoloq

“Prezident İlham Əliyevin fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqi daha çox anti-Qərb məzmunu, xüsusilə də ABŞ və Avropa İttifaqına ünvanlı tənqidi ritorika ilə diqqət çəkdi”.

Globalinfo.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Elxan Şükürlü deyib.

O, bu çıxışın 2020-ci il savaşından sonra bölgədə yaranmış reallıqları qəbul etmək istəməyən, ölkədə sistemli şəkildə Avroatlantik məkana inteqrasiya təbliğatı aparan, Azərbaycanın ənənəvi qaydada qonşuları Rusiya və İrana qarşı cinahda yer almasını təşviq edənlər üçün də ciddi xəbərdarlıq siqnalı olduğunu bildirib:

“Azərbaycanın həyatında yeni bir dövrün başladığını, bu dövrə xalqımızın alnıaçıq, üzüağ, başıdik daxil olduğunu və qarşıdakı mərhələdə böyük nailiyyətlərin olacağına şübhə etmədiyini xüsusi vurğulayan Prezidentin andiçmə nitqindəki ən mühüm mesajlarından biri, şübhəsiz ki, bundan sonra ölkənin xarici siyasət kursunda tutulacaq əsas istiqamət barədə söylədikləridir. Prezident İlham Əliyevin “Məhdud sayda olan hər hansı 20-30 ölkə beynəlxalq ictimaiyyət adından danışa bilməz, o ki qaldı bir ölkə, ümumiyyətlə, danışa bilməz” cümləsi ABŞ-ın təkqütblü dünya iddiasına və bu iddiasını gerçəkləşdirməkdə də hazırda 27 dövlətin birləşdiyi Avropa İttifaqından necə istifadə etdiyinə, ölkələrə necə təzyiq göstərdiyinə açıq işarəsi və etirazı olmaqla yanaşı, həm də Azərbaycanın bundan sonra NATO-ya və Avropa İttifaqına üzvlüyə can atmayacağının növbəti rəsmi elanıdır”.

Politoloqun sözlərinə görə, Prezidentin Türk Dövlətləri Təşkilatını (TDT) “Bu, bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” deməsi və ardınca İslam Əməkdaşlıq Təşkilatının birləşdirici rolunu vurğulaması Azərbaycanın yeni geopolitik güc mərkəzinin ortaya çıxması üçün əsas koordinator ölkə missiyasını öz üzərinə götürməyə hazırlaşdığının çox aydın anonsu sayıla bilər:

“Əgər Azərbaycan hazırda TDT-də birləşmiş 5 daimi (Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan) və 3 müşahidəçi üzv (Macarıstan, Şimali Kipr, Türkmənistan) ölkəni türk, bu təşkilatla həmsərhəd İran, Pakistan, Əfqanıstan və Tacikistanı isə İslam amili ilə yaxınlaşdırmağı, aralarında qarşılıqlı faydalı əməkdaşlıq mühitinin yaradılmasını bacaracaqsa, bu, Çindən gəlib Avropaya gedən bütün quru yollara nəzarət edəcək, təxminən, 500 milyonluq müsəlman əhaliyə sahib əməkdaşlıq formatının, hətta gələcəkdə AB modelli ittifaqın ortaya çıxması demək olacaq.

Görünən odur ki, Prezident İlham Əliyevin ölkəmizin xarici siyasətinə dair çox aydın və sistemli baxışları mövcuddur və bu baxışlar sistemi coğrafiyamızın təbii şərtlərinə, tələblərinə riayət üzərində qurulub”.

Zaira Akifqızı
Globalinfo.az