Aqil Abbas İrandakı səfirliyimizə hücumdan danışdı

“Tehranda səfirliyimizə olunan hücumla bağlı çox ciddi ölçü götürülməlidir. Səfirliyimiz geri çağırılmalı, İran səfiri isə xarabasına göndərilməlidir!”

Bu sözləri Globalinfo.az-a açıqlamasında millət vəkili Aqil Abbas deyib.

O, bu addımı bir ölkə üçün “diplomatik rəzalət” adlandırıb:

“Bilmirəm, dövlətimiz hansı qərarı verəcək, amma məsələ aydınlaşana qədər səfirliyimiz müvəqqəti olsa da, təcili geri çağırılmalıdır. Bununla bağlı tədbir görülməlidir.

İranla Ermənistan bir ölkədir. Hətta ad-soyadları da oxşardı. Bu, İran tərəfindən erməni qardaşlarına görə bizə qarşı açıq düşmənçilikdir. İran bununla da islam ölkəsi və dövləti olmadığını bir daha sübut etdi.

Ümid edirəm ki, orada yaşayan soydaşlarımız buna etiraz edəcək. Bu, böyük qalmaqaldır. Hansı səbəbdən bu vəhşilik törədilibsə, İran cavab versin! Kim zəmanət verər ki, sabah eyni hadisə təkrarlanmayacaq?”

Zaira Akifqızı
Globalinfo.az