“APA Holdinq”in yeni layihəsi: Arazın o tayı Bakıdan xəbər tutacaq

 

Regional xalqlar arasında münasibətlərin inkişafı və əlaqələrin güclənməsi üçün əsas vasitələrdən biri də qarşılıqlı informasiya əlçatanlığıdır.

APA İnformasiya Agentliyinin yeni fəaliyyətə başlayan fars dili xidmətinin gələcək rolu bu istiqamətdə əhəmiyyətli hesab edilir.

Ölkənin aparıcı informasiya vasitələrindən birinin sözügedən missiya ilə çıxış etməsi vacib amil kimi dəyərləndirilir.

Xidmət oxucularına siyasət, iqtisadiyyat, mədəniyyət, idman və digər sahələrə aid gündəlik xəbərlər, eyni zamanda analitik yazılar təqdim edəcək.

“APA-Holding” MMC-nin prezidenti Vüsalə Mahirqızı Globalinfo.az-a xidmətin əsas fəaliyyət istiqaməti haqda açıqlama verib:

“APA daha əvvəl də bir çox dillərdə fəaliyyət göstərib. İndi fars dili xidməti ilə yanaşı daha bir neçə dil də əlavə ediləcək. Məqsədimiz daha çox areala yayılmaq, insanları öz dilində Azərbaycan xəbərləri ilə tanış etməkdir. Farsdilli oxucular yaxın qonşularımızdır. Azərbaycanla bağlı xəbərlər onlar üçün də maraqlıdır. Biz monitorinq aparmışıq ki, farsdilli media orqanları “APA”ya daha çox istinad edən media qurumları sırasındadır. Beləliklə, bu xidməti yaratmağa qərar verdik ki, onların da işini bir az asanlaşdıraq”.

Globalinfo.az xatırladır ki, Güney Azərbaycanda yaşayan soydaşlarımız latın qrafikalı əlifba ilə oxuyub yaza bilmirlər. Onlar İranda tətbiq olunan fars əlifbasından istifadə edirlər.

Ayşən Mustafa
Globalinfo.az