Antiterror əməliyyatından 3 ay keçib, lakin hələ də… – Politoloq

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “BBC World”ə müsahibəsində sülhlə bağlı maraqlı açıqlamalar verib. O, Ermənistan və Azərbaycanın müsbət gündəmlə dünyanı təəccübləndirməyi, heyrətləndirməyi bacardığını deyib. Həmçinin sülh sazişinin imzalanmalı olduğunu vurğulayıb.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov deyib ki, H.Hacıyev həmin müsahibə zamanı Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh prosesinə toxunub:

“Qalib tərəf olaraq sülh təşəbbüslərimizin məntiqi nəticəsi kimi uğurlu addımlar atmışıq. Rəsmi İrəvan da başqa çıxış yolu qalmadığı üçün sülh çağırışlarımızın bəzilərinə müsbət cavab verib. Ən son Ermənistanla birgə sərhəd kommisiyasının 5-ci görüşü ikitərəfli formada keçirildi.

Digər məqam isə dekabrın 7-də iki ölkə arasında birgə bəyanata əsasən həyata keçirilən əsir mübadiləsidir. Bu, sülh istiqamətində atılan uğurlu addımlardandır. 19-20 sentyabr lokal antiterror əməliyyatlarında ərazilərimizin separatçı ünsürlərdən təmizlənməsindən sonra Azərbaycan Ermənistanla bu istiqamətdə müsbət tendensiyaların əsasını qoydu.

Xəyal Bəşirov

H.Hacıyevin toxunduğu məsələlərdən biri də sözügedən hadisədən 3 ay keçməsinə baxmayaraq atəşkəsin pozulmamasıdır. İtkilər, düşmənçilik, qarşıdurma və vəhşilik yoxdur.

Diqqətçəkən nüanslardan digəri isə sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiya və demarkasiya məsələsinin həllinə beynəlxalq təşkilatlar tərəfindən mane olunması barədə fikirlərin səsləndirilməsidir.

Sərhədlər məsələsi ümumiyyətlə çox vaxt tələb edir. Azərbaycan sülhdə maraqlıdır, Ermənistandan da bu yanaşma gözlənilir”.

Safura Bənnayeva
Globalinfo.az