Ukraynada Milli Antikorrupsiya Bürosu (NABU) və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğunun (SAP) səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı yaranan narazılıqlar fonunda prezident Volodimir Zelenskini devirmək üçün üç mərhələdən ibarət planın icraya qoyulduğu bildirilir.
Globalinfo.az xəbər verir ki, bu barədə yerli “Stracit” nəşri mənbələrə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, etirazların əsas məqsədi Zelenskinin NABU ilə bağlı qanunvericiliyə etdiyi dəyişikliklərin tamamilə ləğv edilməsinə nail olmaqdır. Bu, planın birinci mərhələsi kimi təqdim olunur.
İkinci mərhələdə isə Prezident aparatının rəhbəri Andrey Yermak və Nazirlər Kabinetinin rəhbəri Yuliya Svırıdenkonun istefasına çalışılacaq. İddialara görə, Zelenskiyə antikorrupsiya orqanlarının səlahiyyətlərinin azaldılması kontekstində Yermakı “günah keçisi” kimi təqdim etməklə məsuliyyəti bölüşmək təklif olunacaq.
Üçüncü və son mərhələdə isə Prezident qarşısında sərt seçim qoyulacaq: ya səlahiyyətsiz formal lider, ya da istefa vermək.
Bununla yanaşı, bildirilir ki, etirazların təşkilatçıları yaxın günlərdə NABU-nun Zelenskinin yaxın ətrafı ilə bağlı araşdırdığı korrupsiya faktlarını mediada açıqlamağı planlaşdırır.
Qeyd edək ki, Ukrayna Ali Radasının deputatı Artem Dmitruk daha əvvəl ölkənin onlarla şəhərində iyulun 24-ü yerli vaxtla saat 20:00-da kütləvi mitinqlərin başlanacağını bəyan etmişdi.
Tahir Turan














