Ankara “B planı”na hazırlaşır: Türkiyə ilə bağlı qorxunc ssenari var

Türkiyədə keçiriləcək seçkilərdən əvvəl ən kritik müddət başladı. Belə ki, 14 gün sonra keçiriləcək seçkilər həm Türkiyənin, həm də regionun yaxın illərdə siyasətini formalaşdıracaq əsas hadisə hesab edilir.

Hazırda namizədlər arasından Prezident Rəcəb Tayyib Ərdoğan çox seçilir və qələbə qazanmasına inam daha böyükdür.

Maraqlıdır, Ərdoğan bu dəfə də seçkilərdə qələbə qazansa, Qərbdəki bəzi dairələr Türkiyəni qarışdıracaq?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Tural İsmayılov deyib ki, İzmirdəki mitinq, izdiham bir daha hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın nüfuzunu, gücünü göstərmiş oldu:

“Bu, Ərdoğanın seçki öncəsi güc nümayişi idi. O bu yolla türk xalqının dəstəyinin kimin yanında olduğunu bir daha elan etmiş oldu.

Bu gün Ərdoğanın rəhbərliyində Türkiyə regional güc statusundan qlobal güc statusuna yüksəlib. Rəsmi Ankara faktiki olaraq müxtəlif regionlarda, coğrafiyalarda söz sahibidir. Türkiyənin maraqları nəzərə alınır, sözünün çəkisi var. Bir çox böyük güclər Ankara ilə hesablaşmağa məcburdur.

Tural İsmayılov

Bütün bunlar birbaşa Rəcəb Tayyib Ərdoğan ilə bağlıdır. Bu mənada hesab edirəm 14 mayda Türkiyə cümhuriyyətinin ən önəmli seçkiləri olacaq”.

Politoloqun sözlərinə görə, Türkiyə və Ərdoğan əleyhinə qüvvələr onun qələbəsini həzm edə bilməyəcək:

“Bu gün Türkiyə daxilində Ərdoğana əks qruplar çoxdur. Bu qruplar birbaşa Avropadan dəstəklənən terror qruplarıdır. Lakin onların “fəaliyyətinin” Türkiyəyə, ya da Ərdoğana zərər verəcəyini düşünmürəm. Türk xalqı necə ki, PKK-ya, FETÖ-ya qarşı birlikdə mübarizə apardı, eynilə bu qruplara qarşı da etiraz edəcək. Qlobalizm Türkiyəni öz təsirinə ala bilməyəcək”.

Turan Rzayev
Globalinfo.az