Anar Vəziroğlu efirdə dava üçün pul alır? – Özü danışdı

Tanınmış jurnalist Anar Vəziroğlunun televiziya verilişlərində qalmaqal yaşaması tez-tez sosial şəbəkələrdə müzakirə olunur. Hətta bəzi şəxslər onun qalmaqal yaratmaq üçün pul aldığını iddia edirlər.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Anar Vəziroğlu deyib ki, davaya görə pul alması iddiası tamamilə əsassız:

O, qalmaqalın bilərəkdən baş vermədiyini deyib:

“Məni verilişə ekspert qismində dəvət edirlər, gedib iştirak edir, fikrimi bildirirəm. Biz verilişə müraciət edənləri alçaltmırıq. Gəlib ağızlarına gələni danışırlar. Ekspertlər orada onlardan bir balaca üstün hüquqa malikdirlər. Kiminsə üzərinə gedirəmsə, bu o demək deyil ki, təhqir edirəm. Baxmaq istəməyən, bəyənməyən kanalı dəyişə bilər”.

A.Vəziroğlu bildirib ki, ailə məsələləri efirdə müzakirə olunmamalıdır:

“Bunu mən də bilirəm, lakin müraciət edilibsə, fikir bildiririk. Sadəcə, dünən bir xanım ekspert öz yersiz müdaxiləsi ilə həmin adamı mənə qarşı qaldırdı. Səbəb olaraq isə bildirdi ki, o adamın vəkilidir. Mən sussam, elə biləcəklər, onlardan zəifəm. Efir məhkəmə salonu deyil axı sən orada vəkilliyini göstərəsən. O xanım bir dəfə də üzərimə su tökmüşdü. İşi-gücü mənimlə höcətləşməkdir. Nəticədə də qalmaqal yaranır”.

Qeyd edək ki, ötən gün “Xəzər TV”də yayımlanan “Təsir dairəsi” verilişində gərgin anlar yaşanıb.

Zaira Akifqızı
Globalinfo.az