Azərbaycanlıların bu xüsusiyyəti amerikalıları təəccübləndirdi – Psixoloq izah edir

Azərbaycanlıların bu xüsusiyyəti amerikalıları təəccübləndirdi - Psixoloq izah edir

Amerikalı psixoloqlar hesab edirlər ki, Qərb düşüncə tərzi Azərbaycan mədəniyyətinin dərin köklərinə, ailə modelinə və əxlaq prinsiplərinə tam uyğun gəlmir. Onların fikrincə, Azərbaycanda ailə ilə birgə yaşamaq, valideynləri himayə etmək və yaşlılara xüsusi hörmət göstərmək cəmiyyətin əsas dəyərlərindən biridir. Lakin ABŞ-da hörmət yaşa görə deyil, şəxsin biliyinə, fərdi nailiyyətlərinə və gördüyü işə görə formalaşır. Bu fərqli yanaşmalar iki psixoloji sistemin mədəni əsaslarını yenidən gündəmə gətirib və müxtəlif baxış bucaqlarından geniş mübahisələr yaradıb.

Globalinfo.az-a danışan psixoloq Zeynəb Əyyubova deyib ki, Qərb psixologiyası çox zaman fərdiyyətçilik üzərində qurulduğu üçün Azərbaycan kimi kollektiv mədəniyyətləri tam dərk etməkdə çətinlik çəkə bilir:

“Bizim cəmiyyətin özünəməxsus dəyərləri var və bu dəyərlər insan davranışını formalaşdırır. Məsələn, valideynlərlə birgə yaşamaq, yaşlılara hörmət etmək və ailə daxilində qarşılıqlı məsuliyyət hissi insanlarımızın həm sosial, həm də psixoloji identikliyinin bir hissəsidir. Bu, sırf mədəni stereotip deyil, uşaqlıqdan bizə aşılanan dəyərlərin təbii nəticəsi olaraq psixologiyamıza hopmuş bir davranış modelidir”.

Psixoloq qeyd edib ki, Qərbdə hörmət daha çox şəxsin bilik və bacarığına əsaslanırsa, bizdə yaş həmişə təcrübə, müdriklik göstəricisi kimi qəbul olunub:

“Mənə görə ən balanslı yanaşma budur ki, yaşlı insana ədəb və mədəniyyət baxımından hörmət göstərmək normaldır, lakin dərin hörmət insanın şəxsi keyfiyyətləri ilə qazanılmalıdır. Yəni yaş hörmətin formasıdır, insanın dəyəri isə məzmundur.

Valideynləri himayə etmək məsələsinə gəlincə, bu, hüquqi məcburiyyət deyil, psixologiyada mənəvi məsuliyyət kimi qiymətləndirilir. Azərbaycan cəmiyyətində bu məsuliyyət daha güclü hiss olunur, çünki ailə modeli daha sıx və emosional bağlılıq üzərində qurulub. Lakin burada da əsas prinsip könüllülükdür. Qayğı sevgi və qarşılıqlı hörmətdən doğanda sağlam olur, insanın şəxsi sərhədlərini pozduqda isə psixoloji yükə çevrilə bilər. Nəticə olaraq, bizim mədəniyyətin ailəyə və nəsillərarası bağlılığa verdiyi dəyər çox qiymətlidir. Amma eyni zamanda fərdin inkişafı, şəxsi sərhədləri və öz həyatını qurmaq hüququ da nəzərə alınmalıdır. Sağlam cəmiyyət həm ənənələrini qoruyan, həm də fərdin psixoloji rifahını təmin edən balanslı model qurmağı bacarmalıdır”.

Ləman İmran
Globalinfo.az