Amerikada Bakının “adamı” hakimiyyətə gələ bilər

Amerikada Bakının “adamı” hakimiyyətə gələ bilər

“The Economist” nəşri iki ay ərzində ilk dəfə ABŞ prezidentliyinə namizəd Donald Trampın seçkilərdə qalib gələcəyini proqnozlaşdırıb. Nəşr yazır ki, Ağ Evin keçmiş rəhbəri, respublikaçı Donald Tramp prezidentlik yarışında favoritdir. Ancaq əvvəlki iki ay ərzində “The Economist” demokratların namizədi Kamala Harrisin qələbəsini ardıcıl olaraq proqnozlaşdırıb. Beləliklə, respublikaçı namizədin qalib gəlmək şansı 54 faiz qiymətləndirilir.

Trampın hakimiyyətə qayıtması Bakıda necə qiymətləndirilir? Azərbaycan hakimiyyətinin ABŞ-la güzəştsiz rəftarının səbəbi bu perspektivlə bağlı ola bilərmi?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, ABŞ-da prezidentliyə namizədlərin reytinqləri ilə bağlı keçirilən sorğular obyektiv deyil:

Amerikada Bakının “adamı” hakimiyyətə gələ bilər

Oqtay Qasımov

“Belə ki, bu sorğunu keçirən qurumların özünün konkret siyasi mövqeyi olur. Belə olan təqdirdə sorğu da obyektiv və tərəfsiz olmur. Belə sorğuların nəticələrinə inanmaq doğru deyil.

“The Economist” nəşri kifayət qədər nüfuzludur. Geniş bir oxucu kütləsi var. Lakin tərəfsiz deyil. Bununla belə hər iki namizədin reytinqi çox yaxındır. Yenə hər iki namizədin qələbə şansı yüksəkdir. Belə olan təqdirdə sorğu nəticələri, nəşrlərin yazıları etibarlı deyil.

D.Trampın ictimai rəydə daha populyar olması və qələbə şanslarının yüksək olması isə hələlik bəlli deyil. Yəni bunu noyabrın 5-də – seçki günü daha dəqiq biləcəyik.

Əgər Tramp qalib gələrsə, Azərbaycanın maraqları baxımından daha əlverişli ola bilər. Tramp əvvəlki hakimiyyəti dövründə erməni lobbisinin təmaslarına cavabsız qaldı. Yəni lobbi ona yol tapa bilmədi. Bunun əksi olaraq Trampın Azərbaycana yanaşması daha loyal idi. Bu baxımdan rəsmi Bakı onun seçilməsində maraqlıdır. Hər halda zaman hər şeyi göstərəcək”.

Turan Rzayev
Globalinfo.az