Almaniya kansleri Fridrix Mertz ölkəsinin Arktika bölgəsində hərbi iştirakını artırmaq niyyətində olduğunu deyib. O bildirib ki, yaxın dövrdə Almaniya ordusunu Avropanın ən güclü və peşəkar ordusuna çevirməyi hədəfləyir.
Globalinfo.az xəbər verir ki, kansler bu barədə Münhen Təhlükəsizlik Konfransı zamanı çıxışında deyib.
Onun sözlərinə görə, Almaniya artıq Uzaq Şimalda hərbi aviasiya ilə təmsil olunur və bu iştirak mərhələli şəkildə genişləndiriləcək.
Mertz bildirib ki, rəsmi Berlin təhlükəsizliyin gücləndirilməsi istiqamətində addımlar ataraq Bundesveri mümkün qədər qısa müddətdə Avropanın ən güclü peşəkar ordusuna çevirməyi planlaşdırır.
Kansler çıxışında qeyd edib ki, hazırda dünyada böyük güclər arasında sürətli və fundamental yenidənqurma prosesi gedir. Onun sözlərinə görə, Almaniya üçün güc siyasəti qəbuledilməzdir və ölkə liderliklə yanaşı tərəfdaşlıq prinsipinə üstünlük verir.
Mertz vurğulayıb ki, əvvəlki qlobal nizam artıq mövcud deyil. O bildirib ki, Çin qlobal dəyişikliklərdə lider mövqeyə can atır. ABŞ-ın liderliyi isə getdikcə daha çox mübahisə olunur və bəzi sahələrdə Vaşinqton Pekinə yetişməyə çalışır.
Əliyar Xəlil