Alay komandiri Laçının işğalı haqda sirləri açdı: “Əclaf adamdır, öz əclafımız…” – Şok ittiham

Azərbaycan 44 günlük Vətən müharibəsi ilə işğal altındakı torpaqlarını azad edərək, tarixi qələbə qazandı. Lakin buna baxmayaraq, rayonların işğalı ilə bağlı məsələlər zaman-zaman gündəmə gəlir. Bu gün strateji əhəmiyyətli Laçın rayonunun keçmiş işğalının  ildönümüdür. Laçın məhz 1992-ci ilin 18 mayında Ermənistan tərəfindən işğal edilmişdi. Bu rayonun itirilməsini Azərbaycan Xalq Cəbhəsinin (AXC) hakimiyyətə gəlməsi ilə əlaqələndirənlər də var, keçmiş prezident Ayaz Mütəllibovun üstünə atanlar da. Bəs, əslində, Laçın necə işğal edildi?

Məsələ ilə bağlı Globalinfo.az-a danışan Laçın alayının keçmiş komandiri Arif Paşayev rayonun işğalında Rusiyanı günahlandırıb.

O bildirib ki, Laçın ovaxtkı Müdafiə Nazirliyində Rusiyaya bağlı olan hərbi güclərin fəaliyyətinə görə işğal altına düşdü:

“Rusiyaya bağlı və Azərbaycanın Rusiyanın tərkibinə qatılmasında maraqlı olan hərbi rəhbərliyin, müəyyən zabitlərin iştirakı ilə Laçın işğal olundu. Bir sözlə, Laçının işğalda qalması Rusiyanın işi idi. Bunu AXC-nin, Heydər Əliyevin, Ayaz Mütəllibovun və ya Əbülfəz Elçibəyin üstünə atmasınlar. Dövlətin başında olanların heç biri torpaqların verilməsində maraqlı ola bilməz”.

A.Paşayev deyib ki, bəziləri torpaqların işğalına siyasi arşınlarla yanaşır:

“Bu cür yanaşan zaman isə ortalığa yalanlar çıxır. Torpaq və Vətən o qədər müqəddəsdir ki, bunların taleyinə siyasi arşınla yanaşmaq olmaz. Sadəcə, o vaxt ordu təzə qurulurdu, həmişəki kimi, Rusiya Ermənistana kömək edirdi. Fikir verirsinizsə, bu gün Laçını işğaldan azad edib orada post quraşdırmağımıza görə bütün dünya üstümüzə qalxır.

Fransa, ABŞ, Rusiya, Qərb, İran – hərəsi bir tərəfdən təzyiq edir. Əgər ordumuzun güclü olduğu halda, möhkəmləndirilmiş vəziyyətimizdə bunlar belə edirlərsə, görün, o vaxt necə idilər. Sadəcə, o vaxt bunlar görünmürdü. Ona görə də hadisələrin içində olan biri kimi sizə əminliklə deyirəm ki, içimizdə düşmən axtarmaq lazım deyil”.

A.Paşayev vurğulayıb ki, Rusiya ilə ABŞ arasında problem yaşansa da, Qarabağ məsələsində Avropa da, Rusiya da, ABŞ da hər zaman eyni mövqedə çıxış ediblər:

“Burada isə xristian faktoru rol oynayır. Hər kəs bilir ki, Qarabağ Azərbaycanın əzəli və əbədi torpağıdır. Bu gün ABŞ kosmosdan avtomobil nömrələrini belə oxuya bilir, guya Qarabağın bizə aid olduğunu bilmir?! Eləcə də adlarını çəkdiyim digər ölkələr yaxşı bilirlər ki, Qarabağ bizimdir!

Bir dəfə ABŞ prezidentinə deyiblər ki, Cənubi Amerika respublikalarından birinin prezidenti əclaf adamdır, o da cavab olaraq deyib ki, “bilirəm əclaf adamdır, amma öz əclafımızdır”.

İndi də eyni vəziyyətdir: Ermənistanın haqsız olduğunu bilirlər, lakin yenə də tərəfini saxlayırlar. Ona görə də dünyada haqq axtarmayaq. Azərbaycan haqlı olsa da, dünya susacaq”.

A.Paşayev xatırladıb ki, işğal nəticəsində doğma Qarabağımızda şəhərlərimiz, tarixi abidələrimiz məhv edilib:

“Məscidlərimizdə donuz saxladılar, bir adam çıxıb bir söz demədi, amma bu gün Hadrutda guya hansısa kitabxana “dağıdılıb” və bunu dünyaya car çəkirlər. Məsələ bundadır ki, dünya elementar məsələdə bizim üstümüzə gəlir, lakin ermənilərə “gözün üstə qaşın var” deyən yoxdur. Təkcə xristian ölkələri deyil, “müsəlman” bildiyimiz İran da onların tərəfini saxlayır”.

Zaira Akifqızı
Globalinfo.az