Akşener İttifaqın tifağını dağıtdı, indən sonra nə olacaq? – Politoloqun şərhi

Türkiyədə Millət İttifaqı koalisiyası (“Altılı masa”) prezidentliyə namizədlə bağlı müzakirələr aparsa da, yekunda vahid namizəd seçə bilmədi.

Xüsusən İyi Partiya sədri Maral Akşener CHP başqanı Kamal Kılıçdaroğlunun namizəd olmasını qədul etmədi və koalisiyanı tərk etdi.

Maral Ekşener təklif edirdi ki, namizəd Ankara bələdiyyə başqanı Mansur Yavaş, ya da İstanbul bələdiyyə başqanı Əkrəm İmamoğlu olsun.

Millət İttifaqının vahid namizədi isə CHP başqanı Kamal Kılıcdaroğlu seçildi. Millət İttifaqı koalisiyanın faktiki dağıldığı deyilir. Həmçinin Ərdoğanın seçkidə qələbə qazanması üçün bunun ilk əlamət olduğu iddia edilir.

Bəs Maral Akşenerin İttifaqı tərk etməsi və Kılıcdaroğlunun namizəd seçilməsi seçkinin taleyinə necə təsir edəcək?

Globalinfo.az-a açıqlamasında politoloq Əhəd Məmmədli bunun gözlənilən olduğunu deyib.

Əhəd Məmmədli

O, “Altılı masa”nın vahid namizədlə çıxmayacağı proqnozunu verdiyini bildirib:

“Proqnozum özünü doğrultdu. Artıq Akşener İttifaqdan getdi. Düzdür, beş nəfər öz arasında vahid namizəd seçə bilər. Amma Maral Akşenerin getməsi, həmin vahid namizədin təxmini 5-7 faiz səs itirməsi deməkdir. Bu seçkilər çox vacibdir. Çünki müxalifətin əsas məqsədi birinci turdan ikinci tura keçməkdir. Akşenerin getməsi isə o birliyə zərbə vurdu”.

Politoloq deyib ki, seçki günü səs məsələsi öz sözünü deyəcək:

“Düşünürəm ki, birinci tur məhz Ərdoğanın xeyrinə bitəcək. Çünki Türkiyə cəmiyyəti böhran dönəmlərini çox yaxşı xatırlayır. Onlar yaxşı bilirlər ki, koalisiya hökumətləri var idi. Həmin hökumətlər bir məsələni həll etmək üçün günlərlə, bəzən də həftələrlə vaxt itirirdi.

Düşünmürəm ki, Türkiyə cəmiyyəti əvvəlki vəziyyətə qayıtmaq istəyər.

Bunlar hələ müxalifətdirlər, vahid namizəd məsələsi ilə bağlı bir qərara gələ bilmirlər. Təsəvvür edin, bu qüvvələr iqtidara gəlsə nə olar?! Dövləti beləmi idarə edəcəklər?! Ona görə də, hesab edirəm ki, Türkiyə xalqı sabit inkişafı seçəcək”.

Zaira Akifqızı
Globalinfo.az