Akif İslamzadənin dediyi problem necə həll ediləcək? – Deputatdan CAVAB

Müğənni Akif İslamzadə açıqlamasında bir məsələyə də toxunub. Deyib ki, məktəblərdə kişi müəllimlərin sayının az olması gənclərin formalaşmasına mənfi təsir edir. Uşaqlar arasında bıçaqlanmaların bu səbəbdən artdığını qeyd edib.

Bildirib ki, qadın müəllimlər kişi müəllimlər qədər uşaqlara bilik verə bilməz.  Onun bu açıqlaması ictimaiyyətdə birmənalı qarşılanmayıb.

Mövzunu Globalinfo.az-a şərh edən deputat Ceyhun Məmmədov deyib ki, bu məsələ daha öncə də müzakirə olunub.

Ceyhun Məmmədov

Onun sözlərinə görə, məktəblərdə bıçaqlanma hadisələrinin baş verməsi birbaşa kişi müəllimlərinin azlığı ilə bağlı olan məsələ deyil:

“Bu, ümumilikdə ailələrin övladlarına verdiyi tərbiyə ilə bağlıdır. Bir sıra hallarda isə məktəblərdə rəhbərlərin zəif olmasının göstəricisidir. Belə hadisələr oğlan və qızlar arasında da baş verir ki, bu da bir sıra valideynlərin öz övladlarına kifayət qədər vaxt ayıra bilmədiklərinə görədir. Ailə uşağa zaman ayıra bilmədikdə bu, avtomatik özünü uşaqların tərbiyəsində büruzə verir”.

Deputatın fikrincə, sosial mediada bu cür halların geniş təbliği, videoların yayılması da gənclərin tərbiyəsinə müəyyən mənada təsir göstərir:

“Ümumilikdə isə bəli, kişi müəllimlərinin məktəbdə azlığı bir problemdir. Biz bununla bağlı dəfələrlə danışmışıq. Məsələn, bədən tərbiyəsi dərsini qadın yox, kişi tədris etməlidir. Biz məktəblərdə kişi müəllimlərinin sayının artırılması barədə düşünməliyik artıq. Bunun üçün maaşlara baxılmalı, müəllimlərin vəziyyəti daha da yaxşılaşdırılmalıdır. Bununla bağlı addımlar atılır. Hesab edirəm ki, məsələnin daha da yüksək səviyyəyə qaldırılması üçün çalışmalıyıq”.

Zaira Akifqızı
Globalinfo.az