Uzun müddətdir efirlərdən uzaq düşən Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi Akif İslamzadənin səssizliyi tamaşaçılar arasında narahatlıq doğurur. Onun nadir hallarda mediada görünməsi və heç bir proqramda iştirak etməməsi sənətkarın pərəstişkarları arasında suallar yaradır. Bəziləri düşünür ki, Akif İslamzadə illər əvvəl televiziyalardan incik düşüb və bu səbəbdən könüllü şəkildə efirlərdən uzaqlaşıb.
Akif İslamzadə niyə efirlərə çıxmır?
Globalinfo.az məsələyə aydınlıq gətirmək üçün Akif İslamzadə ilə əlaqə saxlayıb.
O, canlı yayımlara üstünlük verdiyini bildirib:
“Efirlərlə bağlı şərtim var, ancaq canlı verilişlərə çıxıram, amma hamısına yox. Proqram canlı yayımlanmayanda çıxış tam verilmir, fikirlər təhrif olunur, sözlər kəsilir və ya nəyisə başa düşmədikləri üçün hansısa hissəni çıxarırlar. Bu isə insanlarda yanlış fikir formalaşdırır. Ona görə də öncədən şərt kəsirəm. Efirlərdən uzaq düşməyimin də səbəbi budur. Bəzən danışdığım hansısa mövzuda sözlərimi o qədər kəsirlər ki, məntiqli görünmür”.
Akif İslamzadə efirlərə çıxmaq üçün heç kimə müraciət etmədiyini deyib:
“Məni efirə dəvət etmələri üçün kiməsə nəsə demirəm. Cümlələri kəsməklə adamı təhqir edirlər, sanki demək istəyirlər ki, biz səndən çox bilirik deyə fikirlərini kəsib-doğrayırıq. Belə etməzlər!”
Zaira Akifqızı
Globalinfo.az














