Ağadadaş Ağayevin videosunun yayılması narazılıq yaratdı: “Biabır oluruq”

Ağadadaş Ağayevin videosunun yayılması narazılıq yaratdı: “Biabır oluruq”

Xalq artisti Ağadadaş Ağayevin “MedEra” hospitalında mühafizəçi ilə yaşadığı insidentin görüntülərinin sosial şəbəkələrdə yayılmaması təklif edilir. Bu təşəbbüslə Real TV-nin rəhbəri Mirşahin Ağayev çıxış edib. Onun fikrincə, məlum videonu mediada və sosial şəbəkələrdə yaymaq yanlışdır.

Sitat: “Azərbaycanlı olduğumuzu göstərək! O videonu yaymayaq! Xalq olaraq biabır oluruq. Yaymayaq!!! Məsələ nə Ağadadaş Ağayevdə, nə o mühafizəçidədir. Məsələ sosial şəbəkələrdə başlanan baltalamalardadır! Balta indi bizim əlimizdədir! Əl saxlayaq! Özümüzü yaralamayaq!”.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Mətbuat Şurasının sədri Rəşad Məcid deyib ki, Azərbaycan tarixinin elə bir mərhələsidir ki, görünən bu qədər işləri, inkişafı hədər etmək olmaz. O, deyib ki, Azərbaycan tarixində qazanılan böyük zəfəri qoyub, belə mənasız məişət söhbətlərinə bu qədər vaxt ayırmaq, lağ etmək bizim saf qələbəmizə, ləyaqətimizə kölgə salır:

“Bəzi sosial şəbəkə istifadəşçiləri var ki, onlar ancaq lağ etməklə, kiməsə sataşmaqla, kimisə sancmaqla məşğuldurlar. Elə adamlar isə ümumiyyətlə, şou biznesə olan aqressiyalarını kiminsə üzərinə bu cür tökürlər. Məsələyə müxtəlif aspektdən yanaşırlar. Mirşahin Ağayevin təklifini müsbət qarşılayıram. Hesab edirəm ki, məsələnin bu cür ictimai müzakirəyə çıxarılması düzgün deyil”.

Ağadadaş Ağayevin videosunun yayılması narazılıq yaratdı: “Biabır oluruq”

Rəşad Məcid bildirib ki, istintaq orqanı işin dərinliyini araşdıracaq:

“İstintaq tərəfindən Ağadadaş Ağayevin hansı vəziyyətdə olması müəyyən ediləcək, mühafizəçi niyə elə kobud rəftar edib, dəqiqləşdiriləcək. Bunun müzakirəyə çıxması bizim indiki mühitimizə, qələbə ovqatımıza, qarşımızda duran böyük işlərə xələl gətirir”.

Zaira Akifqızı
Globalinfo.az