
ABŞ prezidentinin administrasiyası Konqresdə müzakirə olunan Rusiyaya qarşı yeni sanksiya qanun layihəsinin yumşaldılması üçün səylər göstərir.
Globalinfo.az xəbər verir ki, bu barədə The Wall Street Journal qəzeti amerikalı rəsmilərə istinadən məlumat yayıb.
Məlumata görə, administrasiya dəfələrlə senatorlarla əlaqə saxlayaraq, layihədə nəzərdə tutulan məcburi sanksiyaların ləğv edilməsini və onların tətbiqində prezidentə daha geniş səlahiyyət verilməsini istəyib. Təklif olunan dəyişikliklərə əsasən, sanksiyalar avtomatik deyil, ABŞ prezidentinin qərarı ilə tətbiq olunmalı və bəzi hallarda istisnalar nəzərdə tutulmalıdır.
Ağ Evin nümayəndəsi bildirib ki, Konstitusiyaya görə, prezident xarici ölkələrlə diplomatik münasibətlər qurmaq səlahiyyətinə malikdir və bu səbəbdən də sanksiyalar məsələsində tam çevikliyə sahib olmalıdır.
Qeyd olunur ki, ABŞ prezidenti Donald Tramp sanksiya qanun layihəsinin səsverməyə çıxarılmaması üçün Senatda olan partiya üzvlərindən bu prosesi təxirə salmağı xahiş edib. Qanun layihəsi Rusiyaya qarşı yeni məhdudiyyətlərlə yanaşı, bu ölkə ilə əməkdaşlıq edən üçüncü dövlətlərə də sanksiyaların tətbiqini nəzərdə tutur.
Qeyd edək ki, bu iddia ilə amerikalı senator Lindsey Qraham çıxış edib. O, Rusiyada terrorçu və ekstremist siyahısındadır.
Əliyar Xəlil














