“Qarabağ”ın baş məşqçisi cəzalandırıldı, 4 nəfər isə…

“Qarabağ” və “Neftçi” klublarının əvəzedicilərdən ibarət komandaları cəzalandırılıb.

Globalinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu barədə İntizam Komitəsinin qərar qəbul edib.

Əvəzedicilər Liqasının 27-ci turunda keçirilən “Turan Tovuz-2” – “Qarabağ-2” oyunu bitdikdən sonra qonaq komandanın baş məşqçisi Cavad Mirzəbəyli hakimin qərarına etiraz edib. Mütəxəssis birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimi təhqir etdiyi üçün 5 oyun cəzalandırılıb, “Qarabağ-2” komandası isə 400 manat cərimə edilib.

“Neftçi-2” – “Səbail-2” oyununun 17-ci dəqiqəsində “ağ-qaralar”ın azarkeşləri pirotexniki vasitədən istifadə etdiyinə görə klub 150 manat cərimə olunub.

***

AFFA İntizam Komitəsi 4 nəfəri danışılmış oyunlarda iştiraka görə ömürlük futboldan uzaqlaşdırıb.

Globalinfo.az xəbər verir ki, onlardan ikisi I Liqa təmsilçisi “İrəvan”ın oyunçuları Ege Atlam və Fəhmin Muradbəylidir.

Bundan başqa, “Azərbaycan Qartalları” uşaq futbol klubunda məşqçi işləyən Rüfət Həsənov və Yusif Rüstəmov da danışılmış oyunlarda iştirak səbəbindən ömürlük futbolla əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum ediliblər.

Həmçinin 4 nəfər danışılmış oyun barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 1 il şərti olmaqla 2 illik futboldan uzaqlaşdırılıb. Bunlar I Liqanın “İrəvan” klubundan Ramin Məhərrəmov, Kamal Mirzəyev, II Liqada çıxış edən “Baku Sportinq”in üzvü Vüqar Rəhimov və “Lerik”in oyunçusu Xətai Ramazanlıdır. Onların hər birinə 1 illik sınaq müddəti verilib.

II Liqada mübarizə aparan “Qusar”ın vitse-prezidenti Elvin Xudadatov isə mərc oyunlarında iştirak səbəbindən 1200 manat cərimələnib, 2 illik futbolla əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum olunub.