BNA-da adları yeyintidə hallanan bu şəxslər niyə məsuliyyətə cəlb olunmurlar?

BNA-da adları yeyintidə hallanan bu şəxslər niyə məsuliyyətə cəlb olunmurlar?

Bir neçə gün öncə məlumat yayıldı ki, ləğv olunmuş Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidməti vəzifəsində çalışmış Mais Ağayev ölkədən gedib. Onun ölkəni tərk edərək Türkiyəyə sığındığı bildirilir. Buna səbəb kimi isə qurumda baş verən korrupsiya halları əsas gətirilir.

Məlumat üçün bildirək ki, ötən ilin iyul ayında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi BNA-da əməliyyat keçirib. Belə ki, istintaqla Agentliyin Yol hərəkətinin təşkili şöbəsinin müdir müavini Vüqar Hüseynovun həmin vəzifədə işləyərkən qeyd olunan struktur qurumun məsləhətçisi Hikmət Vəlizadə ilə əlbir olaraq 2023-cü ilin iyun-iyul ayları ərzində Bakı şəhəri ərazisində parklanma sahələrinin təşkil olunması üçün müvafiq prosedurların həyata keçirilməsi müqabilində müxtəlif şəxslərdən ümumilikdə 16 min 500 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Həmin əməliyyat zamanı BNA-nın rəhbəri Vüsal Kərimlinin də saxlanılmasına dair məlumatlar yayılsa da, sonradan bu xəbərlər təkzib edildi.

Bundan sonra isə BNA ləğv edildi, bu qurumun yerinə isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yaradıldı.

Əsas suallardan biri də budur ki, BNA-nın ağır məsələlərdə ittiham olunan əməkdaşları nə üçün məsuliyyətə cəlb olunmur?

Mövzunu Globalinfo.az-a şərh edən vəkil Mehman Muradlı deyib ki, mülkiyyət əleyhinə olan cinayətlərlə bağlı maddələr var.

Onun sözlərinə görə, BNA-da baş verən proseslər güman ki, korrupsiya deyil, mənimsəmə hallarıdır:

“Müəssisəyə dəymiş zərər ödənildikdən sonra prokurorun da razılığı olarsa, işə xitam verilə bilər. Bu isə ilk dəfə cinayət əməli törətmiş şəxslərə şamil olunur. Yəni məhkumluğu olmayan və ya məhkumluğu tam ödənilmiş şəxslərə tətbiq edilir”.

Vəkilin fikrincə, quruma dəymiş zərər ödənildiyi üçün adı mənimsəmə hallarında keçən şəxslər məsuliyyətə cəlb olunmurlar:

“Yəqin zərər ödənilib deyə, məsələyə də xitam verilib. Mais Ağayevə gəldikdə isə o, mətbuat xidmətinin rəhbəri olub. Orada hansı korrupsiya faktına və ya mənimsəməyə yol verə bilər, mənə aydın deyil. Adam faktiki olaraq sözçü və maaşa işləyən şəxs olub”.

Globalinfo.az