Dəm qazından ölən tələbə haqda ADA-dan açıqlama

“Kədər hissi ilə bildiririk ki, tələbəmiz Sərxan Həsənovu itirdik”.

Globalinfo.az xəbər verir ki, bu barədə Modern.az-a ADA Universitetindən verilən açıqlamada bildirilib.

Qeyd edilib ki, Prezident təqaüdçüsü, III qrup üzrə bakalavriata qəbul imtahanlarında 692 bal toplayaraq respublika birincisi olan Sərxan Həsənov Hüquq fakültəsinin son kurs tələbəsi idi.

“Sərxan müxtəlif platformalarda ölkəsini uğurla təmsil etdi, “Jessup” Beynəlxalq Məhkəmə Müsabiqəsində ölkə üzrə qalib komandanın üzvü kimi öz nailiyyətləri ilə bir çoxlarını ruhlandırdı.

Sərxanın 2019-cu ildə “Tələbə kartı”nı əldə etdiyi gün dediyi bu sözləri daim xatırlayacağıq:

“Hüquqşünaslıq ixtisası üzrə ingilis dilində təhsil almaq əsas akademik hədəfim idi. Hədəfimə nail olduğum üçün qürurlanmaqla yanaşı, “ADA-lı” olmağın məsuliyyətini də indidən hiss edirəm”.

Sərxanın xatirəsi ürəyimizdə yaşayacaq”, – Universitet bildirib.

Xatıradaq ki, 2002-ci il təvəllüdlü Sərxan Asif oğlu Həsənovun ötən gecə Nərimanov rayonundda yaşadığı mənzildə dəm qazından zəhərlənərək ölüb.

Onunla birgə olan özündən böyük qardaşı, 2001-ci il təvəllüdlü Əli Həsənov da dəm qazından boğularaq dünyasını dəyişib.

Qardaşlar əslən Tovuz rayonundandırlar.

Sərxan Həsənov III sinfə qədər Tovuz rayonunun Mehdi Hümbətov adına Ağbulaq kənd tam orta məktəbində təhsil alıb. Daha sonra valideynlərinin məsləhəti ilə Sumqayıta gəlib və qohumugildə qalaraq təhsilini bu şəhərdəki Həzi Aslanov adına 22 nömrəli tam orta məktəbdə davam etdirib.

2020-ci ildə Sumqayıt şəhindəki 22 nömrəli tam orta məktəbi qızl medalla bitirən S.Həsənov ali məktəblərə qəbul imtahanlarında 692,5 bal toplayaraq III qrup üzrə ölkə birincisi olub.

Prezident təqaüdçüsü olan Sərxan Həsənov ADA Universitetinin Hüquq fakültəsini seçərək, orada təhsil alırdı. O, bakalavr pilləsini bitirdikdən sonra magistraturanı xaricdə – Avropa və ya Amerikada almağı düşündüyünü bildirmişdi.