Türkiyənin tanınmış iş adamı, “Acun Medya”nın sahibi Acun İlicalı oktyabrın 22-də Bakıda səfərdə olub. O, “İnnovativ İnkişaf və Fürsətlər” mövzulu seminarda çıxış edib. A.İlicalı şəxsi inkişaf, fürsətləri dəyərləndirmə, satış strategiyası və startaplar barədə öz biliklərini bölüşüb.
Seminarda iştirak etmiş bəzi tanınmışlar özlərinin sosial şəbəkə hesabında Acunun çıxışından narazı qaldıqlarını yazıblar. Hətta bəziləri paylaşımlarda “Acun İlicalı bizi xəyal qırıqlığına uğratdı” qeydlərinə rast gəlinir.
Buna alternativ fikri söyləyənlər isə deyirlər ki, A.İlicalı sanki əvvəldən söz veribmiş ki, pulun yerini elan edəcək, bəzi azərbaycanlılar gedib onu götürəcək.
Bir növ Acunu müasir Şeyx Nəsrullah obrazında görənlər olub.
Samir Güləliyev
Acun İlicalının seminarında iştirak edən jurnalist Samir Güləliyev Globalinfo.az-a deyib ki, görüşdən razı qalmayıb:
“Acun İlicalını ilk dəfə görürdüm. Açığı, gözləntilərimi doğrultmadı. Düşündüm ki, adam zəngin olmağın sirrini açıqlayacaq. Amma müxbirlik kadrlarından başqa heç nə göstərmədi. Yaxşı məzəli kadrlar, başına gələn əhvalatları nümayiş etdirdi. Hətta özümü sonda danladım ki, yəni Acun zəngin olmağın sirrini deməyə adam tapmadı ki, durub Bakıda mənə dedi? Amma tədbirin təşkili yaxşı idi”.
Tural Abbaslı
AĞ Partiya başqanı Tural Abbaslı deyib ki, son zamanlar insanlara pul qazanmağın yolunu öyrədən həyat təlimatçılarının sayı artıb:
“Varlı olmağın “sirrini” bölüşürlər. Yəqin ki, təşkilatçılar da oradan 3-5 manat əldə edəcəklər. Azərbaycan xalqı kifayət qədər istedadlı, bacarıqlı və kreativ xalqdır. Sadəcə, xalqımızın istənilən sahədə pul qazanması üçün bərabər rəqabət mühiti yaradılsa, bəzi qurumların yaratdığı süni əngəllər aradan qaldırılsa, gənclərə başlanğıc üçün dəstək olunsa bizdə kifayət qədər Acun İlicalılar yetişər. Belə olan halda isə kimlərinsə gəlib öz həyat hekayəsini danışmağa ehtiyac olmaz. Amma gəlməyinin də əleyhinə deyiləm. Kimlərsə gedib izlədikdən sonra ilhamlanacaqsa, nə gözəl. Lakin Stiv Cobsu dinləyib milyonçu olan birini görmədim”.
Nəsimi Paşayev
“Hünər Group” şirkətinin PR və marketinq departamentinin direktoru Nəsimi Paşayev isə deyib ki, insanlar hər şeyə mız qoymağa öyrəşib:
“Acun gəlib sizə hazır pulun yerini göstərəcəkdi. Adam sizə necə məşhurlaşdığını və dolayısıyla necə varlandığını gülməli şəkildə anlatdı. Tədbir ümumən yaxşı keçdi”.
Zaira Akifqızı
Globalinfo.az














