“Fransa ilə qarşıdurma fonunda bu ölkənin enerji şirkətinin Bakıda qəbul edilməsi təəccüblü görünsə də, siyasi addımlar fonunda səbəbsiz deyil”.
Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Asif Nərimanlı Fransa-Azərbaycan gərginliyi fonunda Xəzərdəki “Abşeron” qaz-kondensat yatağının “TotalEnergies” şirkətinə verilməsi haqda deyib.
Onun sözlərinə görə Bakının Parislə münasibətlərinin kəskinləşməsinin təməlində Makronun siyasəti dayanır:
“Doğrudur, Fransada erməni diasporu, lobbisinin təsiri həmişə olub, lakin Makronun sələfləri bu qədər ermənipərəst mövqe sərgiləmir, balansı qorumağa çalışırdılar. Makronun tərəfini açıq şəkildə göstərməsinin birdən çox səbəbi var, bu həm Fransa siyasətindən, həm də regiondakı proseslərdən qaynaqlanır. Belə bir məqamda Azərbaycanın Fransa şirkətini qəbul etməməsi doğru görünə bilər, lakin siyasi manevrlər baxımdan “TotalEnergies” şirkətinin qəbul edilməsi, əməkdaşlığın genişləndirilməsi daha düzgün addımdır.
Asif Nərimanlı
Birincisi, dünyada enerji lobbiləri var və bu sektordakı şirkətlər təmsil etdikləri ölkələrlə yanaşı, qlobal enerji sektoruna daxildir. Azərbaycan qlobal enerji sektoru ilə daim yaxşı münasibətlərə malik olub və Makronun yanlış siyasətinə görə bu sektorun təmsilçiləri ilə münasibətlərini pozmamalıdır.
İkincisi, Makron administrasiyasının ermənipərəst siyasətinə qarşı cavab tədbirləri həyata keçirilməklə yanaşı, Fransa hakimiyyətinə təsir edə biləcək qruplarla da işləmək, bu ölkədə ermənilərin xeyrinə olan balansı ən azı yerindən oynatmaq lazımdır. Fikrimcə, Fransanın enerji sektorunu təmsil edən şirkətlər bu işdə Bakıya dəstək verə bilərlər”.
Turan Rzayev
Globalinfo.az














