Viktor Butun amerikalı basketbolçu Britni Qraynerlə dəyişdirilməsi ABŞ üçün biabırçılıqdır.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ-nin eks-prezidenti Donald Tramp deyib.
Onun sözlərinə görə, baş tutan sövdələşmə ABŞ-nin Buta qarşı irəli sürdüyü ittihamların ağırlığı və Qraynerin anti-Amerika mövqeyinə görə bərabər səviyyəli deyil. O, Vaşinqtonun bunun qarşılığında niyə casusluğa görə ittiham edilən Pol Uilanı Rusiyadan istəmədiyini sual edib.
Trampla yanaşı ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton da razılaşmanı tənqid edib. O baş tutan sövdələşmənin kapitulyasiya olduğunu deyib.
Qeyd edək ki, bundan öncə silah qaçaqmalçısı Viktor Butla Qraynerin Əbu Dabi hava limanında mübadiləsi həyata keçirilib. Bundan sonra But dərhal Moskvaya gətirilib.
But məşhur rusiyalı silah baronudur. O, Kolumbiyanın FARC terror təşkilatına silah satdığı üçün 2008-ci ildə Tailandda həbs edilərək ABŞ-a göndərilib.
But Əfqanıstana (Rəbbani hökumətinə – red.), Toqoya, Ruandaya, Anqolaya, Liberiyaya, Syerra Leoneyə, Talibana və Əl-Qaidəyə silah satmaqda ittiham edilib. 2011-ci ildə Liviyanın bombalanmasından sonra ələ keçirilən materiallarda Butun adıçəkilən dövlətlər və təşkilatlarla əlaqə qurduğu ortaya çıxmışdı. Vaşinqton indiyə qədər Butu dünyanın ən güclü silah qaçaqmalçısı hesab edir.
Bundan başqa silah baronunun Rusiyanın hakim dairələri ilə də geniş əlaqələri olub. Təsadüfi deyil ki, həbsdə olduğu müddətdə o, Vladimir Putinə mədh edən çıxışları ilə seçilib. Bəzi mənbələr isə Butun “Rosneft”in rəhbəri İqor Seçinin kurasiyasında olduğunu bildirib.
Moskvanın qanunsuz silah ticarəti və təsirinin yayılması işini həyata keçirən Butdan sonra bu vəzifə Yevgeni Priqojinə həvalə edilib ki, Butun da geri dönməsindən sonra onlar arasında münasibətlərin qəlizləşəcəyi gözlənilir. Bu da özünü elita daxilində göstərəcək. Priqojinin son zamanlar güclənməsi isə ondan narazıların da sayını artırıb və bu qüvvələrin, xüsusilə generalların Buta dəstək verəcəyi istisna edilmir.
İlkin
Globalinfo.az














