ABŞ hərbçiləri qanunsuz narkotik daşımaqda şübhəli bilinən bir gəmini hədəf alaraq zərbə endirib. Hadisə zamanı 4 nəfər ölüb.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Pit Heqset məlumat yayıb.
ABŞ Prezidenti Donald Tramp Konqresə göndərdiyi bildirişdə ölkənin narkotik kartelləri ilə qeyri-beynəlxalq silahlı münaqişə vəziyyətində olduğunu bəyan edib.
Heqset sosial şəbəkədə paylaşdığı 40 saniyəyə yaxın videoda gəminin dənizdə hərəkəti, daha sonra isə raketlərin eyni anda gəmiyə və suya düşərək partlayış yaratdığı görüntüləri nümayiş etdirib. O, şübhəsiz kəşfiyyat məlumatlarına əsaslandığını desə də, faktlarla sübut təqdim etməyib. Onun sözlərinə görə, gəmi xeyli miqdarda narkotik daşıyıb və göyərtədəki şəxslər narko-terrorçular olub.
Tramp isə iddia edib ki, həmin gəmidə 25-50 min insanı öldürməyə yetəcək qədər narkotik olub.
Hazırda ABŞ-ın Puerto-Rikoda F-35 qırıcıları, bölgədə isə 8 müharibə gəmisi və nüvə enerjisi ilə işləyən bir sualtı qayıq yerləşdirilib.
Qeyd edək ki, bu, son həftələrdə baş verən ən azı dördüncü belə hücumdur. Hücum edilən gəminin Venesuelaya aid olduğu bildirilir.
Aysel Əliyeva
Globalinfo.az