ABŞ və İran danışıqlara davam edir – Ağ Evdən açıqlama

ABŞ və İran danışıqlara davam edir – Ağ Evdən açıqlama

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff İranla Tehranın nüvə proqramına dair razılaşma mövzusunda danışıqları davam etdirir. Prezident Trampın isə iranlı rəsmilərlə birbaşa təmasda olmadığı bildirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Livitt jurnalistlər üçün keçirilən brifinqdə məlumat verib.

“Xüsusi nümayəndəmiz Stiven Uitkoff iranlılarla birbaşa və vasitəçilər üzərindən əlaqə saxlayır. Bu ünsiyyət prosesi davam edir. Prezident Donald Tramp İranla danışmayıb”, – deyə Livitt bildirib.

O, yaxın günlərdə ABŞ ilə İran arasında üzbəüz danışıqların keçirilib-keçirilməyəcəyinə dair suala isə konkret cavab verməyib.

Qeyd edək ki, 28 iyun tarixində “NBC News” kanalı xəbər vermişdi ki, Stiven Uitkoff yaxın günlərdə İran nümayəndələri ilə Tehranın nüvə proqramı ilə bağlı mümkün razılaşmanı müzakirə edəcək. Kanalın məlumatına görə, danışıqlarda İranın uranın zənginləşdirilməsini dayandırması müqabilində sanksiyaların yumşaldılması məsələsi müzakirə olunacaq.

Tehran rəsmiləri isə dəfələrlə bəyan ediblər ki, dinc nüvə proqramının ayrılmaz hissəsi olan uranın zənginləşdirilməsindən heç vaxt imtina etməyəcəklər.

Xatırladaq ki, ABŞ və İran nümayəndələri aprel-may aylarında beş raund danışıqlar aparıblar. Lakin proses İsrailin İrana qarşı hərbi əməliyyatlara başlaması və ABŞ-ın İranın nüvə obyektlərinə zərbələr endirməsi səbəbindən dayandırılıb.

Aysel Əliyeva
Globalinfo.az