ABŞ və Britaniya səfirləri Rusiya XİN-ə çağırıldı

ABŞ, Kanada və Britaniyanın Moskvadakı səfirləri Lin Treysi, Elison Le Kler və Debora Bronnert Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Globalinfo.az xəbər verir ki, qurumdan hər üç diplomata son açıqlamaları ilə bağlı etiraz bildirilib.

Vurğulanıb ki, səfirlərin Rusiya vətəndaşı Vladimir Vladimiroviç Kara-Murzanın işi ilə əlaqədar verdikləri bəyanat qəbulolunmazdır. Diplomatlara “Rusiyanın daxili işlərinə kobud müdaxilə və diplomatik statusa uyğun gəlməyən fəaliyyətlə əlaqədar” xəbərdarlıq edilib.

Qeyd edək ki, bundan öncə Moskva şəhər məhkəməsi Rusiyada xarici agent statusu almış telejurnalist və publisist Vladimir Kara-Murzanı dövlətə xəyanət və Rusiya ordusu haqqında saxta məlumatların yayılmasında təqsirli bilərək 25 illik sərt rejimdə həbsə məhkum edib. ABŞ, Kanada və Britaniya səfirləri məsələ ilə bağlı bəyanatla çıxış edərək bunu söz azadlığı və insan haqlarının pozulması kimi dəyərləndiriblər.