ABŞ Ukraynanı əfsanəvi planla xilas edir? – Zelenski açıqladı

Ukrayna Prezidenti Volodimir Zelenski müharibədən sonra bərpa məqsədilə “Marşall planı”nın hazırlanıb-hazırlanmayacağı ilə bağlı suallara cavab verib.

“Böyük bərpa planı var. Bizdə “Marşall planı” yox, öz planımız olacaq. Lakin əsas prinsiplər çox yaxındır. İstənilən halda bu, bərpadır. Energetikanın, texnologiyanın, iqtisadiyyatın bərpası…”, – dövlət başçısı bildirib.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Əli Zülfüqarov deyib ki, Ukraynanın savaşa sürüklənməsi prosesindən Zelenskiyə bərpa vədi verilib:

“Zelenskinin açıqlaması da bunu təsdiq edir. Hər kəsə bəllidir ki, “Marşall planı” ABŞ-ın müstəmləkəsi olmaq deməkdir. Vaşinqton İkinci Dünya müharibəsindən sonra böyük yardım paketi adı altında Avropanı öz nəzarətinə sala bildi.

Zelenskinin yardımın “Marşall planı”ndan fərqli olacağını bildirməsi Ukraynanın müstəqil olacağına işarədir. Amma əslində Ukrayna artıq nəinki müstəqilliyini, ümumiyyətlə dövlətçiliyini itirib. Ukraynanın ikiyə bölünmə prosesi getdiyi halda Zelenskinin bu tip mesajlar verməsi qəribədir”.

Politoloq qeyd edib ki, Ukrayna müharibəsi daha dağıdıcı mərhələyə qədəm qoyur:

“Rusiya işğalı davam edir və getdikcə daha geniş vüsət alacaq. Doğrudur, Qərbin Rusiya ilə bağlı müxtəlif planları var. Son terror aktı ilə bunu gördük. Zelenski də buna ümid edir, amma planların effektivliyi inandırıcı deyil. İndiyə qədər atılan addımlar özünü doğrultmayıb, hətta əks-effekt verib.

Ona görə də, təəssüf ki, Ukraynanın gələcəyi ilə bağlı müsbət heç nə görünmür. Bu baxımdan növbəti mərhələdə hakimiyyətdə qalmayacağı ehtimalı böyük olan Zelenskinin indiki mərhələdə Ukraynanın bərpasından danışması qeyri-ciddi səslənir”.

Turan Rzayev
Globalinfo.az