İordaniya Kralı II Abdallah ABŞ-nin dövlət katibi Entoni Blinkeni Əmmanda qəbul edib. Onlar Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
Məlum olduğu kimi, bundan öncə o, Türkiyə və Yunanıstana səfər edib. Yaxın Şərqdəki vəziyyətin müzakirəsi çərçivəsində daha hansı mövzuların yer aldığı isə maraq doğuran məqamlardır.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Turab Rzayev qeyd edib ki, E.Blinkenin bu səfərlərinin mühüm məqamları var:
“Yaxın Şərqdə Türkiyəsiz siyasət yürütmək mümkün deyil. Nə qədər etiraf edilməsə də İsrail, İraq, ABŞ , Rusiya və Aİ-nin Yaxın Şərq siyasətinin uğurlu olması üçün Türkiyəyə ehtiyacı var. İranın Fələstin-İsrail münaqişəsində Ankaraya müraciəti, Minsk qrupunun Türkiyəyə uyğun mövqe tutması deyilənləri əsaslandırır. Görünür ABŞ da rəsmi Ankaranın mövqeyinə əsaslanmaq istəyir”.
Turab Rzayev
Onun sözlərinə görə, ABŞ İranı cəzalandırmağa çalışır:
“İranın daxilindəki terror aktları, husilərin gəmilərinin batırılması, Tehranın yüksək rütbəli zabitlərinin ortadan götürülməsi onu göstərir ki, İrana qarşı cəza tətbiqi dayanmır. Bunun da iki səbəbi var. Birincisi, İran Ukrayna müharibəsində Rusiya tərəfində oldu. Silah, raket yardımı etdi. İkinci isə HƏMAS-ın İsrailə hücumda rəsmi Tehran faktoru ortaya atılıb.
Digər bir variant isə ABŞ İrana zərbə endirməyin vaxtı çatdığını düşünür və prosesdə Türkiyənin də rol almasına çalışır”.
Safura Bənnayeva
Globalinfo.az














