Blinkenin Türkiyə səfəri: məsələ F-16 deyil, daha dərindir…

Blinkenin Türkiyə səfəri: məsələ F-16 deyil, daha dərindir...

ABŞ dövlət katibi Entoni Blinken Yaxın Şərq turuna sabah Türkiyədən başlayacaq. Blinken noyabrdakı Türkiyə səfərində Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilməmişdi. Budəfəki səfərdə onun Ərdoğanla görüşəcəyi gözlənilir.

Bəzi ekspertlər hesab edirlər ki, səfərin məqsədi İsveçin NATO üzvlüyünün təsdiqlənməsi ilə bağlı Türkiyə Parlamentindəki son vəziyyətin müzakirəsidir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elçin Mirzəbəyli deyib ki, ABŞ dövlət katibinin Yaxın Şərq səfərinə Türkiyədən başlaması rəsmi Vaşintonun Ankaranın bölgədəki rolunu, əhəmiyyətini vurğulamaq məcburiyyətində qalması kimi qiymətləndirilməlidir:

“Hazırda qütblərarası mübarizənin Yaxın Şərqdə yenidən alovlanması fonunda yeganə balanslaşdırıcı qüvvə Türkiyədir və Vaşinqton Ankaranın iştirakı olmadan heç bir prosesi irəliyə aparmaq iqtidarında deyil. Hələ ABŞ-ın ən uğursuz prezidenti Barak Obamanın dönəmindən başlayaraq, Türkiyəyə münasibətdə sərgilənən ədalətsiz, müttəfiqlik münasibətlərinə zidd davranışların miqyası o qədər genişdir ki, bunu Bayden administrasiyasının anlaşılmaz gedişləri ilə normallaşdırmaq çətin ki, mümkün olsun.

Hazırda ABŞ seçki ilinə qədəm qoyur və demokratların yəhudi lobbisinin dəstəyini qazanmağa böyük ehtiyacları var. Bu isə öz növbəsində İsrail-Fələstin qarşıdurmasından, ən yaxşı halda birincinin daha üstün mövqelərlə çıxmasından asılıdır.

Blinkenin Türkiyə səfəri: məsələ F-16 deyil, daha dərindir...

Elçin Mirzəbəyli

İsveçin NATO-ya üzvlüyü məsələsi də hazırda demokratlar üçün əhəmiyyət daşıyan məsələdir. Çünki Ukrayna kampaniyasındakı uğursuzluğun “NATO-nun genişlənməsi istiqamətində əldə olunan nəticə” fonunda arxa plana keçirilməsi ehtimalı var. Türkiyənin İsveçin üzvlüyü ilə bağlı mövqeyinin, yalnız F-16-larla bağlı olduğunu düşünmürəm. “F-16 problemi” məsələnin görünən tərəfidir.

Türkiyənin hazırda iqtisadi problemlərini həll etmək, lirənin dayanıqlılığını möhkəmləndirmək üçün bölgədə cərəyan edən proseslərdə daha geniş rol almasına ehtiyac var. Bütün bunlar F-16-lardan da vacib məsələlərdir. Hazırda Ankara üçün iqtisadi baxımdan cazibədar olan çoxsaylı alternativlər var. Bu sıraya Türkiyə-Rusiya, Türkiyə-İran, Türkiyə-Çin iqtisadi əməkdaşlığını, Cənub Qərbi və Mərkəzi Asiya subregionlarının əhəmiyyətini də əlavə etsək, etimadını itirmiş Vaşinqtonun vədlərinin Ankara üçün önəm kəsb edəcəyini düşünmürəm”.

Turan Rzayev
Globalinfo.az