Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də ABŞ-ın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mark Libbinin etimadnaməsini qəbul edib.
Mark Libbinin səfir təyinatı uzun müddət gecikdi və iki ölkə münasibətlərinin soyuqlaşdığı bir dövrə təsadüf etdi.
Maraqlıdır, ABŞ-ın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mark Libbi Bakı-Vaşinqton münasibətlərində yeni dönəm başladacaqmı?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Sülhəddin Əkbər deyib ki, ABŞ-ın xarici siyasətini Dövlət Departamenti təyin eləmir:
“ABŞ Dövlət Departamenti bu siyasəti icra edir. Səfirlərə gəldikdə isə münasibətlərin normallaşması baxımından onların önəmi eyni cür olmur. Yəni səfirlər aktiv və ya passiv ola bilir. Bu da öz növbəsində problemlərin həll edilməsinə təsir edir.
Sülhəddin Əkbər
Mark Libbi ABŞ-ın Azərbaycana yönəlik siyasətini dəyişə bilməz. Burada Konqres və Milli Təhlükəsizlik Şurası, prezident daha çox rol oynayır.
Bununla belə ABŞ-ın Azərbaycana yönəlik siyasəti bəllidir. Belə ki, Vaşinqton üçün enerji, təhlükəsizlik və demokratiya məsələləri öncəlik təşkil edir. 2001-ci il 11 sentyabrdan sonra təhlükəsizlik məsələsi daha ön plana keçdi. Bütövlükdə Qafqaza yönəlik siyasət bir müddət zəifləsə də hazırda yeni dünya nizamının qurulması prosesində Vaşinqton diqqətini yenidən regiona ayırıb.
Ümumilikdə yeni səfirin ölkəmizə təyin edilməsi arzuolunandır. Xüsusilə Ermənistanla sülh prosesi çərçivəsində bu, mühüm addım oldu. ABŞ da hazırda prosesdə aktiv iştirak etmək istəyir. Arzuolunan odur ki, Vaşinqton həqiqətən də sülhün əldə olunmasında konstruktiv rol oynayacaq”.
Turan Rzayev
Globalinfo.az














