Azərbaycanla Ermənistan arasında uzun müddətdir davam edən danışıqlar prosesində iki əsas məsələ prioritet olaraq önə çıxır: sülh sazişinin imzalanması və Zəngəzur dəhlizinin açılması. Bunlar regionun gələcək təhlükəsizliyi, iqtisadi inteqrasiyası və siyasi sabitliyi üçün həlledici əhəmiyyət daşıyır.
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə iki ölkənin nümayəndələri arasında Əbu-Dabidə keçirilmiş son görüş bu baxımdan vacib idi. Görüşdə sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər.
Tərəflər arasında dialoq mühitinin qorunub saxlanması ön planda olsa da, Bakının tələblərini əhatə edən razılaşmaların əldə edilməsi ilə bağlı hər hansı məlumat yoxdur.
Maraqlıdır, prosesdə öncəlik sülh sazişinin imzalanmasına, yoxsa Zəngəzur dəhlizinin açılmasına veriləcək?
Globalinfo.az-a danışan politoloq Ramiyə Məmmədova deyib ki, Əbu-Dabidə baş tutan görüş sülh prosesinin gələcəyi baxımından mühümdür:
“Liderlərin bu görüşdə birdən çox məsələni müzakirə etdiyi güman olunur. Əlbəttə ki, sülh sazişi də bu mövzular arasındadır. Amma indidən müqavilənin imzalanacağını demək doğru deyil. Bu prosesin yekunu üçün hələ zaman lazımdır.
Lakin Zəngəzur dəhlizi məsələsinin həllinin daha mümkün olduğunu düşünürəm. Yəni bunun baş tutması üçün real imkanlar var. Danışıqlar daha detallı müzakirə və intensiv görüşlər tələb edir. Bir çox məsələ isə artıq həllini tapıb.

Ramiyə Məmmədova
Bu gün Zəngəzur dəhlizinin açılmasında təkcə Azərbaycanı deyil, ABŞ da maraqlıdır. Vaşinqton Rusiyanın prosesdə iştirakını istəmir. Əvəzində isə özü “qarant” rolunu oynamağa çalışır. Bəzən bu məsələ də bizdə yanlış anlaşılır. Yəni Vaşinqton Zəngəzur dəhlizində hərbi varlıq göstərməyəcək, sadəcə tərəflər arasında balansı təmin edə bilər. ABŞ şirkətlərinin bunu həyata keçirməsi mümkündür.
Dəhlizin tez bir zamanda açılması mühümdür. Türkiyə və İran da artıq buna razıdırlar. Digər tərəfdən, Çindən gələn logistika məhsullarının daşınması üçün də bu dəhliz vacibdir. Ona görə də gündəmdə olan əsas məsələ məhz budur və önəlik ona veriləcək.
Sülh sazişinin önündə maneə olan əsas məsələ isə Ermənistanın daxili siyasətidir. Rusiya Erməni Apostol Kilsəsini hakimiyyətə qarşı açıq şəkildə dəstəkləyir. Belə olan təqdirdə Paşinyanın sülh bağlaması çətindir”.
Turan Rzayev
Globalinfo.az














