ABŞ Dövlət katibi Entoni Blinkenin “Ukraynanı özünü qoruması, Rusiya aqressiyasını dəf etməsi və 24 fevraldan sonra itirdiyi torpaqları geri qaytarması üçün dəstəkləyirik” sözləri xeyli müzakirələrə səbəb olub.
E.Blinkenin sözlərindən belə çıxır ki, Vaşinqtonun yeni strategiyasına 24 fevraldan öncə işğal edilən Donbas və Krımın geri qaytarılması daxil deyil.
Bənzər fikirləri bu ilin may ayında Henri Kissincer də dilə gətirmişdi. Belə ki, Kissincer sülh üçün Ukraynanın 24 fevraldan əvvəl işğal olunmuş torpaqlarından imtina etməsini, bu bölgələrə iddianın Rusiyaya qarşı müharibə başlatmaq olduğunu irəli sürmüşdü və bu fikirlərinə görə çox sərt tənqid olunmuşdu.
Maraqlıdır, proseslərin məhz Kissincerin təklifinə qayıtması təsadüfdür?
Ukrayna tərəfi Vaşinqtonun yeni strategiyası ilə razılaşacaq?
Mövzu ilə bağlı Globalinfo.az-a açıqlama verən politoloq Samir Hümbətov deyib ki, E.Blinkenin belə açıqlama verməsi təsadüfi deyil:
“Ümumiyyətlə Blinkenin bu açıqlamasından bir neçə məna çıxa bilər. Bu, məqsədyönlü şəkildə verilən açıqlama ola bilər. Məsələ ondadır ki, ABŞ onsuz da Ukraynaya hərbi yardım edir. Hətta bu istiqamətdə ABŞ-da qanun da qəbul edilib. Həmin qanuna görə rəsmi Vaşinqton Ukraynaya limitsiz silah-sursat, humanitar və dərman ləvazimatları yardımı edəcək.
Göründüyü kimi, Blinkenin açıqlaması hər nə qədər “ABŞ Rusiyaya güzəşdə gedir” kimi görünsə də Vaşinqton həm də Ukraynaya silah yardımı edir”.
Politoloqun sözlərinə görə, xəritəyə baxdıqda deyə bilərik ki, Ukrayna 24 fevraldan öncəki əraziləri də işğaldan azad edir:
“Hətta deyə bilərəm ki, tezliklə Donetsk və Luqansk da Ukrayna tərəfindən işğaldan azad edilə bilər. Lakin Krımla bağlı nəsə demək üçün çox tezdir. Mümkündür ki, Ukrayna ordusu Krımda dayansın.
Henri Kissincerin fikirlərini də nəzərə alsaq deyə bilərəm ki, ABŞ və Rusiya arasında gizli danışıqlar baş tutub və Vaşinqton Krımı Rusiyaya güzəştə gedib. Yəni bu yolla o həm Ukraynaya dəstək verir, həm də Kremlin qəzəbini sakitləşdirməyə çalışır”.
Turan Rzayev
Globalinfo.az














