ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland TASS informasiya agentliyinə verdiyi müsahibədə Rusiya ilə danışıqlarda irəli sürdükləri şərtləri açıqlayıb:
“Ukrayna tərəfi sülhə nail olmaq üçün 10 bənddən ibarət prinsipləri irəli sürüb. Rusiya tərəfi bu planla bağlı heç bir reaksiya verməyib. Əgər sülh danışıqları ukraynalıların təklif etdiyi ədalətli sülh formulu əsasında keçiriləcəksə, biz bunu alqışlayırıq.”
Bu açıqlama Çinin danışıqlara başlamaq üçün 12 maddədən ibarət formula irəli sürməsi ilə üst-üstə düşüb. Xəbər verildiyi kimi, Çin xarici işlər naziri Uanq Yi Moskvaya səfər edərək hazırladıqları 12 bənddən ibarət sülh paketini Putinə təqdim etdi. Bu məsələ ilə əlaqədar ilk reaksiya da elə ABŞ-dan gəlib. Nulandın verdiyi açıqlamalardan belə anlaşılır ki, Vaşinqtonda Çinin irəli sürdüyü bu təkliflərə müsbət yanaşılmayıb.
Viktoriya Nulanda eyni zamanda bildirib: “Rusiya döyüşü saxlasa, müharibə bitəcək, Ukrayna dayansa, mövcudluğunu itirəcək.”
Məlum olduğu kimi, Volodimir Zelenski 2022-ci ilin payızında G20-nin sammitində 10 bənddən ibarət sülh planını təqdim etmişdi. Bu plan enerji, ərzaq təhlükəsizliyi, rus qoşunlarının Ukrayna ərazisindən çıxarılmasını da nəzərdə tutan müxtəlif sahələri əhatə edirdi. Bu plan sonradan ABŞ, Avropa İttifaqı və Türkiyə tərəfindən dəstəkləndi.
Amma məlum olduğu kimi Rusiya bu təkliflərə reaksiya vermədi. Çünki Kreml işğal etdiyi Ukrayna torpaqlarından çıxmaq haqqında düşünmür. Onun da danışıqlara getmək üçün tərtib etdiyi şərtlər və onların başında ilhaq etdiyi torpaqların Rusiya ərazisi kimi tanınması dayanır.
Əlimusa İbrahimov, politoloq
Globalinfo.az üçün














