ABŞ-la gərginlik var, lakin nefti unutmayaq – İqtisadçı

SOCAR-ın prezidenti Rövşən Nəcəfin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında (COP-28) iştirakı çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və ABŞ-ın “Boston Consulting Group” (BCG) şirkəti arasında Əməkdaşlıq proqramının icrası ilə bağlı müqavilə imzalanıb.

Maraqlıdır, həmin müqavilə Azərbaycana nə vəd verir?

Məsələ ilə bağlı Globalinfo.az-a danışan Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban qeyd edib ki, “Boston Consulting Group” məsləhət xidməti verən şirkətdir:

“Vaxtaşırı Azərbaycanla bağlı bu kimi layihələr olub. Həmin layihələr indi də davam edir. Azərbaycan İnvestisiya Holdinqinin rəhbəri də “Boston Consulting Group”un partnyoru idi. Moskvadan Bakıya gələnə qədər onlarla çalışırdı.

Beynəlxalq bazarlarda işləmək üçün bizə məsləhətçi şirkət lazımdır. Onların xidmətlərindən istifadə edirik. Bu da həmin istiqamətdə atılmış addımdır.

Azərbaycanla ABŞ arasında gərginlik olsa belə, nəzərə almaq lazımdır ki, bu gün neft sənayesi Amerika Neft İnsitutunun standartları əsasında həyata keçirilir”.

Safura Bənnayeva
Globalinfo.az