ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehranın Hörmüz boğazı ilə bağlı razılığa gəldiyini bildirib. O, avqustun 3-də ABŞ-İran danışıqlarının bərpa ediləcəyini açıqlayıb.
Globalinfo.az-a danışan politoloq Oktay Qasımov bildirib ki, Trampın bu açıqlaması əvvəlki bəyanatları kimi nikbin notlar üzərində qurulub:
“Tramp yenidən danışıqlarda razılıq əldə olunacağını vurğulayır. O, xüsusilə Hörmüz boğazı ilə bağlı razılaşmadan danışır. Lakin bu məsələ ilə bağlı real razılığın əldə edilməsi çətindir. Çünki tərəflərin Hörmüz boğazı ilə bağlı mövqeləri bir-birindən fərqlənir.
İran yaranmış fürsətdən istifadə edərək Hörmüz boğazındakı dominantlığını möhkəmləndirmək istəyir. Bu məsələ ilə bağlı müxtəlif planları var. Hətta Omanla da bu istiqamətdə danışıqlar aparılır.
ABŞ isə Hörmüz boğazı üzərində dolayı nəzarət imkanına sahib olmaq istəyir. Tramp bunu daha əvvəl də açıqlayıb. Hətta bu nəzarət mexanizminin qarşılığında tarif faizləri ilə bağlı təkliflər səsləndirib. Bu baxımdan düşünmürəm ki, keçiriləcək görüşdə Hörmüz boğazı ilə bağlı tərəflər arasında yekun razılaşma əldə olunsun”.
Turan Rzayev
Globalinfo.az