Mahmud Kaşğarinin itirilmiş “Divan Lüğat-it-Türk” əsərini tapan Osmanlı dövrünün məşhur tarixçisi Əli Əmirinin 19-cu əsrdə köçürdüyü sirli kitab yenidən gündəmə gəlib.
Globalinfo.az xəbər verir ki, islam alimi, orta əsrin tanınmış riyaziyyatçılarından Əhməd Əli əl-Buni tərəfindən 13-cü əsrdə qələmə alındığı bildirilən və hazırda Türkiyədə saxlanılan “Şems-ül maarif” adlı kitabının illərdir bəzi qüvvələr tərəfindən axtarıldığı iddia edilir.
Əsərdə sehr, fövqəltəbii varlıqlar və havas elminə dair araşdırmaların yer aldığı bildirilir. Məlumata görə, kitabda müxtəlif sehr metodları və tilsimlər detalları ilə birlikdə yazılıb. Qeyri-adi bacarıqlar, görünməyən canlılarla bağlı bilinməyən informasiyalar toplanıb. Kitab islam dünyasında ezoterik elmlərə dair yazılmış ən həcmli ensiklopedik materiallardan hesab edilir. Əsərin iki hissədən ibarət olduğu bildirilir.”Şəmsü’l-Maarifü’l-Kübra” ikinci hissənin adıdır. Lakin birinci hissənin daha böyük olduğu qeyd edilir. İddialara görə, kitabda sehr üsullarını necə etmək lazım olduğu tək-tək göstərilib.
Türkiyənin Millət Kitabxanasında 30 il fəaliyyət göstərmiş yazar Mehmet Serhan Tayşinin təxminən 17 il əvvəl verdiyi müsahibədə sözügedən kitabla bağlı açıqlamaları diqqət çəkib. O, ABŞ-ın kitabı ələ keçirməyə çalışdığını bildirib:
“1984-cü ildə kitabxanaya Mədəniyyət Nazirliyinin möhürü olan bir məktub gəldi. Burada ABŞ-ın bizdən bir kitab istədiyi, onun bir kopyasının hazırlanıb Ankaraya göndərilməli olduğu yazılmışdı. Məktubu gördükdən sonra kitabı daha dərindən araşdırmağa başladım. Bu, “Şəms-ül maarif” əsəri idi. Kitabda astrologiya, sehr, cadu kimi şeylər, həmçinin havas adlandırdığımız gizli elmdən bəhs olunurdu. Bildiyimiz kitablardan fərqli olaraq onda nəyin necə edilməli olduğunu göstərən açar vardı. Ərəbcə və osmanlıca bilməyimə rəğmən yazılanları mən belə anlamadım. Bu mövzuda daha dərin məlumata sahib birini çağırıb ona yoxlatdırdım. Nəticədə ortaya çıxdı ki, kitab gözəgörünməz olmağın ipuclarını verəcək qədər dərin məlumatlara sahibdir. Bundan sonra dərhal Milli Kəşfiyyat Xidmətinə (MİT) məktub yazdım və kitabın Vaşinqtona verilməməli olduğunu dedim. Məsələni Baş Qərargaha və baş nazirə bildirdik. Kitabı vermədik, hökuməti xəbərdar etdiyim üçün mənə təşəkkür məktubu göndərildi. Eyni mövzuda 30-dan çox kitab olmasına rəğmən ABŞ-ın məhz onu istəməsi diqqət çəkir”.
Məlumata görə, kitab əsas hissələr çıxarıldıqdan sonra ictimaiyyətə təqdim edilib. Ən sirli texniki məlumatların yer aldığı səhifələrin isə hazırda Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahında qorunduğu bildirilir.
Ayşən Mustafa
Globalinfo.az














