Polish 20231025 182942306

ABŞ Prezidenti Cozef Bayden çıxışında “yeni dünya nizamı”na ehtiyac olduğunu vurğulayıb. O deyib ki, dünyanı inidyə qədər heç vaxt görülməmiş şəkildə birləşdirmək imkanı yaranıb.

Bayden yaxın gələcəkdə baş verəcək hadisələrin növbəti on illiklərin taleyini müəyyən edəcəyini söyləyib. ABŞ prezidentinin fəaliyyəti boyu bu kimi çıxışları son zamanlarda xüsusi diqqət çəkməyə başlayıb.

Dünyada ciddi münaqişələrin alovlandığı bir zamanda ABŞ prezidentinin bu çıxışı nəyə işarə idi? Necə başa düşülməlidir? Vaşinqtonun “yeni dünya nizamı”nda Cənubi Qafqazla bağlı mövqe nədir?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Samir Hümbətov Vaşinqtonun dünyanın gələcəyi ilə bağlı fərqli planlarının olduğunu deyib:

“ABŞ Prezidenti Cozef Baydenin “yeni dünya nizamına ehtiyac var”, daha sonra “dünyanın birləşdirilməsi” kimi ifadələr işlətməsi təsadüfi deyil. Artıq uzun illərdir ki, qloballaşma prosesindən danışırıq. Bu proses elə Baydenin səsləndirdiyi fikirlərlə eynilik təşkil edir. Yəni qloballaşma tək mərkəzdən idarə olunan bir dünya dövlətinin formalaşdırılması istiqamətində atılan addımdır. Əslində dövlətin və dövlətüstü qurumların birləşdirilməsi, idarə olunmasıdır. Bu bir növ dövlətlərin, dünya əhalisinin hüquqlarını əlindən almağa hesablanmış bir addımdır.

Düşünürəm ki, baş verən müharibələr, gərginliklər buna hesablanıb. Bütün proseslər bir dünya dövləti istiqamətində atılan addımlardır. Beləliklə, Yer kürəsində olan bütün maddi resurları mənimsəyə biləcək müxtəlif güc mərkəzləri “yeni dünya nizamı”nı öz istəklərinə uyğun şəkilləndirməyə çalışırlar”.

samir humbetov 2

Samir Hümbətov

Politoloq qeyd edib ki, ABŞ hər nə qədər bu arzusunun reallaşmasını istəsə də, onun həyata keçməsi inandırıcı görünmür:

“Burada Cənubi Qafqazla bağlı da ümumi yanaşma var. Lakin hesab edirəm ki, bu planların reallaşması mümkün görünmür. Hər nə qədər ABŞ bunda istəkli olsa da, həyata keçirilməsi inandırıcı deyil. Çünki indiki məqamda bunu etmək üçün bütün dövlətlərin eyni qaydada razılığını almaq lazımdır, lakin mümkün deyil. Prosesdə ən vacib məqam qütbləşmə məsələdir. ABŞ-ın qarşısında hüquqi problemlər var. Lakin bu məsələ Vaşinqtonla məhdudlaşmır. Dünya güclərinin bir-biriləri ilə apardığı çəkişmələrin nəticəsi olaraq bu gün hər böyük dövlət müəyyən sərmayə lobbilərini əllərində saxlayır. Onlar öz maraqları naminə addımlar atırlar. O baxımdan Rusiya-Ukrayna müharibəsi də, Cənubi Çin dənizində baş verən gərinlik də, Tayvan məsələsi də, Yaxın Şərqdə, Balkanlarda, Cənubi Qafqazda, Orta Asiyada, hətta Afrikada baş verən proseslər də yeni dünya nizamının tərkib hissəsidir”.

“Bu nizam əsasən baş vermiş irimiqyaslı müharibələrdən sonra ortaya çıxır. Bu gün yaşadığımız münaqişələr də dünya müharibəsinin tərkib hissəsidir. Hesab edirəm ki, bu, III Dünya müharibəsidir. Baydenin sözləri də sonrakı müddətdə qurulacaq dünya nizamı ilə bağlıdır. Düşünürəm ki, burada hər dövlət payını alacaq”, – politoloq bildirib.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: