Rusiyaya sərt çağırış: “Dərhal dayandırın”

Rusiyaya sərt çağırış: "Dərhal dayandırın"

ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq Rusiya ilə bağlı sərt çağırışla çıxış edib. O, Rusiyanı Ukrayna ilə dərhal atəşkəsə razılaşmağa və üçtərəfli danışıqlara keçməyə çağırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “X” hesabında paylaşım edib.

“Biz dərhal atəşkəsin və müharibəyə son qoyacaq üçtərəfli danışıqların başlanmasını istəyirik”, – paylaşımda deyilir.

Kelloq Rusiyanı vaxtı uzatmaqda günahlandırıb.

Xatırladaq ki, Rusiya xarici işlər naziri Sergey Lavrov daha əvvəl bildirmişdi ki, Qərb indi Ukrayna üçün şərtsiz atəşkəs dilənir, halbuki prezident Volodimir Zelenski bir neçə il əvvəl belə təklifləri qətiyyətlə rədd edirdi. Lavrovun sözlərinə görə, Moskvanın mövqeyi isə əvvəldən bu günə dəyişməyib.

Öz növbəsində Dmitri Peskov iyunun 20-də “Sky News”a verdiyi müsahibədə qeyd edib ki, Rusiya Ukrayna qarşısındakı strateji üstünlüyünü itirmək istəmir və buna görə də müvəqqəti atəşkəsə razı olmayacaq.

“Hazırda bizdə strateji üstünlük var. Niyə bunu əldən verək? Verməyəcəyik. İrəliləyirik və irəliləməyə davam edəcəyik”, – deyə Peskov bildirib.

Kreml daha əvvəl dəfələrlə bəyan edib ki, atəşkəs yalnız Kiyev xarici hərbi yardımı dayandırdığı halda mümkün olacaq. Moskvaya görə, döyüşlərdə fasilə Ukraynaya yenidən silahlanmaq və qüvvələrini yenidən cəmləmək imkanı verəcək.

Aysel Əliyeva
Globalinfo.az