ABŞ-dan “qan çanağına” kritik həmlə – Bu artıq həyəcan siqnalıdır

ABŞ-dan “qan çanağına” kritik həmlə - Bu artıq həyəcan siqnalıdır

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Yaxın Şərqə bir neçə günlük səfər edəcək. Səfər zamanı Pentaqon rəhbərinin Vaşinqtonun Yaxın Şərq ölkələri qarşısında götürdüyü öhdəliklərə sadiqliyini bir daha təsdiqləmək niyyətində olduğu deyilir. Yaxın Şərq ABŞ üçün çox önəmlidir, lakin burada onun Rusiya və Türkiyə kimi ciddi rəqibləri var.

Maraqlıdır, Pentaqonun bu bölgədə yeni planı nədir?

Mövcud vəziyyəti Globalinfo.az-a şərh edən politoloq Kənan Rövşənoğlu hazırda ABŞ-ın əsas diqqətinin Çin və İran üzərinə yönəldiyini qeyd edib:

“Hazırda ABŞ-ın Yaxın Şərqdə daha ciddi rəqibləri var. Türkiyə kürd məsələsi istisna olmaqla Yaxın Şərqdə ABŞ-la hər hansı fikir ayrılığı yaşamır. Rusiyaya gəldikdə isə Moskvanın başı Ukraynaya qarışıb. ABŞ üçün hazırda ciddi problem İranın nüvə proqramı və Çinin sürətlə regiona yerləşməsidir. Vaşinqton həm Çinin ABŞ-ın ənənəvi müttəfiqlərini ələ keçirmək planına qarşı çıxmağa, həm də İranın nüvə proqramını dayandırmağa çalışır.

Xüsusən Tehranın uranı 85 faiz zənginləşdirməsi barədə iddialar Vaşinqtonda ciddi narahatlıq doğurub. Çünki bilindiyi kimi, klassik formada nüvə silahı əldə etmək üçün uranın 90 faiz zənginləşdirilməsi lazımdır. Amma Şimali Koreya, Pakistan kimi ölkələrin nüvə silahı formulu daha aşağı faiz zənginləşdirilmiş urandan da nüvə silahı əldə etməyə imkan verir. Yəni mövcud iddialar Vaşinqton və müttəfiqləri üçün həyəcan siqanlıdır”.

Politoloq bildirib ki, İsrail İranın nüvə silahı əldə etməsinə “qırmızı xətt” kimi yanaşır:

“Baş nazir Benyamin Netanyahu ötən həftə növbəti dəfə İrana zərbələr endirilməsindən danışıb. Vaşinqton isə hazırda ikinci cəbhənin açılmasında maraqlı deyil. Ümumiyyətlə, Bayden administrasiyası Yaxın Şərqdə bütün tərəflərlə masaya oturmağa və regionu bir bütün olaraq görməyə çalışır. Bu səbəbdən də İranla dialoqun davam etdirilməsində maraqlıdır, ancaq Tehranın nüvə silahı əldə etməsi ehtimalı Vaşinqton üçün də həyəcan siqnalı mahiyyətindədir. Bu mənada Ostinin səfəri məsləhətləşmələri, yeni situasiyada hansı addımı atmaqla bağlı müzakirələri özündə ehtiva edir. Aydındır ki, Vaşinqton indi İranla münaqişə istəmir, ancaq regiondakı müttəfiqləri – İsrail və Körfəz ölkələri Vaşinqtondan Tehrana qarşı sərt addımlar atmağı tələb edirlər. Fikrimcə, ABŞ müdafiə naziri müttəfiqləri ilə bu mövzularda müzakirə aparacaq”.

Ayşən Mustafa
Globalinfo.az