
ABŞ Prezidenti Donald Trampın administrasiyası daha 36 ölkənin vətəndaşlarına viza verilməsini məhdudlaşdırmağı və ya ölkəyə girişlərini tamamilə qadağan etməyi planlaşdırır.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb. Nəşrin əldə etdiyi sənədlər ABŞ Dövlət Departamentinə aiddir.
Qəzetin məlumatına görə, sözügedən siyahıya 25 Afrika ölkəsi — o cümlədən Misir və Cibuti — ilə yanaşı, Mərkəzi Asiya və Karib hövzəsinə aid olan bir sıra ölkələr daxildir. Sənədə əsasən, bu barədə rəsmi memorandum ABŞ-ın dövlət katibi Marko Rubio tərəfindən imzalanaraq həmin ölkələrlə işləyən amerikalı diplomatlara göndərilib.
Qeyd edək ki, Donald Tramp bundan əvvəl 12 ölkənin vətəndaşlarına ABŞ-a girişə tam qadağa qoymuş, 7 ölkəyə isə qismən məhdudiyyət tətbiq etmişdi.
Tam giriş qadağası tətbiq edilən ölkələr bunlardır:
Əfqanıstan, Haiti, İran, Yəmən, Liviya, Myanma, Konqo Respublikası, Somali, Sudan, Çad, Ekvatorial Qvineya və Eritreya.
Qismən məhdudiyyətlər qoyulan ölkələr isə:
Burundi, Venesuela, Kuba, Laos, Syerra-Leone, Toqo və Türkmənistandır.
Aysel Əliyeva
Globalinfo.az