ABŞ və Çinlə bağlı heyrətamiz fakt: iki nəhəng arasında belə anlaşma var

“Rusiya imperiya sərhədlərini bərpa etməyə çalışsa da, iqtisadi gücü zəifdir. Bu ölkənin iqtisadiyyatı yalnız enerji resurslarının istismarı və satışı üzərində formalaşıb. Halbuki dövlətlərin gücü iqtisadiyyatlarının hər sahəsinin inkişafı ilə və müxtəlif dövlətlərlə ticarətlərinin həcmi ilə ölçülür”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Amerika Birləşmiş Ştatları ilə Çin arasında ticarət mübadiləsinin illik həcmi 700 milyard dollardır:

“Çinin yüzlərlə şirkəti ABŞ-ın fond birjasında qeydiyyatdan keçib. Çinli gənclərin Amerika universitetlərində təhsil almağa üstünlük verməsi də faktdır. Halbuki, ABŞ-la Çin arasında siyasi zəmində dərin fikir ayrılığı var. Ancaq bu, iki böyük ölkə arasında ticarət əlaqələrinə mane olmur.

ABŞ-ın maliyyə naziri Canet Yellen iki ölkə arasında siyasi və təhlükəsizlik mövzularında dərin fikir ayrılıqlarına baxmayaraq, iki böyük ölkənin ticarətdə və qlobal problemlərin həllində əməkdaşlığının vacib olduğunu bildirib. Amerikalı ekspertlər bu açıqlamanı Vaşinqtonun Pekinə müsbət mesajı kimi dəyərləndirirlər. Vaşinqton Pekinə iqtisadiyyatda əməkdaşlığı və sağlam rəqabəti genişləndirməyi təklif edir. Bu məqsədlə ABŞ-ın maliyyə naziri Çinə səfər edib, əməkdaşlıq məsələlərini müzakirə etməyi planlaşdırır.

Belə olan halda ABŞ Çinə qarşı bəzi istiqamətlərdə niyə iqtisadi sanksiyalar tətbiq edir? Bu, ABŞ-ın öz məhsullarını qorumaq məqsədilə həyata keçirilir. Pekin bu məsələdə fərqli düşünür. Pekin hesab edir ki, ABŞ sanksiyalar vasitəsilə Çinin irəliləməsinin qarşısını almağa çalışır. Sanksiyalar Çinin ona gərəkli olan texnologiyaları Amerikadan oğurlamaq yolu ilə əldə etməsi ilə də bağlıdır. ABŞ-da hər il oğurluqla bağlı xeyli çinli xəfiyyə həbs olunur. Buna görə də Vaşinqton 2017-ci ildən başlayaraq Çinə qarşı sərt sanksiyalar qəbul edib”.

Elxan Şahinoğlu

E.Şahinoğlu hesab edir ki, Çinin hər sahədə uğur qazanmasına baxmayaraq, bu ölkə texnologiyalar sahəsində ABŞ-dan geri qalır:

“ABŞ iqtisadiyyatı müxtəlif problemlərə baxmayaraq, dünyada liderliyini qoruyur. Pandemiya bitdikdən sonra Amerika iqtisadiyyatında inkişaf artıb. Çin iqtisadiyyatı 1980-2010-cu illər arasında hər il 10 faiz artıb. Bu, Çində yaşayan insanların həyat standartlarına müsbət təsir edib. Buna baxmayaraq, Çində işsizlik problemi davam edir, əhali qocalır, əmək məhsuldarlığı yüksək deyil. Vaşinqtonda hesab edirlər ki, Çin mövcud iqtisadi problemləri təkbaşına həll edə bilməyəcək.

Beləliklə, Donald Trampdan fərqli olaraq Co Bayden administrasiyası Çinlə iqtisadi sahədə əməkdaşlıqdan imtina etmir. Vaşinqton ABŞ-a ixrac olunan Çinin ucuz məhsullarında maraqlıdır. Amerikalı iqtisadçılar bunu inflyasiyanın qarşısının alınması aləti kimi dəyərləndirirlər. Buna baxmayaraq, Çinin bölgədə artan hərbi gücü və Tayvan ətrafındakı vəziyyət iki ölkə arasında iqtisadi əlaqələrə mənfi təsir edə bilər”.

Turan Rzayev
Globalinfo.az