ABŞ Çin aerostatını vurdu: yeni müharibə başlayır? – Politoloq

ABŞ Çin aerostatını vurdu: yeni müharibə başlayır? – Politoloq

Çinə məxsus aerostatın ABŞ tərəfindən vurulması iki ölkə arasında onsuz da davam edən gərginliyi pik həddə çatdırıb. Aerostatın ABŞ tərəfinə məqsədyönlü şəkildə, kəşfiyyat materialları əldə etmək üçün rəsmi Pekin tərəfindən göndərildiyi səslənən iddialar arasındadır. Sanki Çin bununla rəsmi Vaşinqtonun əsəblərini sınağa çəkir, onu provokasiya edir.

Maraqlıdır, bu iddia doğrudursa, rəsmi Pekin sözügedən addımla nəyə nail olmaq istəyir? İki ölkə arasında müharibə perspektivi üçün əsaslar varmı?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Çin Qərb ölkələrində, o cümlədən ABŞ-da kəşfiyyat işlərini genişləndirmək siyasətindən imtina etməyib.

“Pekin aerostatın ona məxsus olduğunu inkar etməyib, ancaq verdiyi açıqlama da çox absurddur. Belə ki, Pekin açıqlamada bildirib ki, guya həmin aerostat kəşfiyyat deyil, “mülki məqsədlər” üçün nəzərdə tutulub və guya təsadüfən ABŞ səmasına keçib.

Təbii olaraq bu açıqlamaya heç kəs inanmadı, çünki Pekinin “mülki məqsədli” adlandırdığı aerostat fevralın əvvəlində ABŞ-ın hərbi hava qüvvələrinin bazası və nüvə-raket silahlarının yerləşdiyi Montana ştatı üzərində aşkarlanıb. Vaşinqton aerostanın Amerikanın strateji obyektlərinə nəzarətlə məşğul olduğunu vurğulayıb”.

ABŞ Çin aerostatını vurdu: yeni müharibə başlayır? – Politoloq

Politoloqun sözlərinə görə, Çin uzun illərdir, Qərb ölkələrindən texnologiyaların oğurluğu ilə məşğuldur:

“Görünür, Pekin indi də ABŞ-dan texnologiya oğurlamaq niyyətindədir. Bunu isə ABŞ-da yaşayan çinliləri tərəfdaşlığa sövq edərək həyata keçirmək istəyir. Prinsip etibarilə bunu bacarıb. Təsadüfi deyil ki, ABŞ-da bu oğurluqlarla bağlı yüzlərlə həbs olub.

Bu həbslərə baxmayaraq, Pekin ABŞ-da texnologiya oğurluğu və kəşfiyyat məlumatları əldə etmək siyasətini davam etdirir. Havaya buraxılan şar – aerostat buna nümunədir”.

E.Şahinoğlu ABŞ və Çin arasında ehtimal müharibə risklərini dəyərləndirib:

“Fevralın 4-də ABŞ qırıcı təyyarəsinin aerostatı Atlantik okeanı üzərində, sahildən bir neçə on kilometr aralıda vurmasının ardınca Pekin Vaşinqtonu məsələyə “qeyri-adekvat reaksiya”da ittiham edib. Hətta bundan sonra Pekin “cavab vermək hüququnu özündə saxladığını” açıqlayıb. Burada əsas məsələ Çinin Vaşinqtona necə cavab verməsidir.

Hesab edirəm, ABŞ eyni məqsədlərlə Çin səmasına aerostat göndərməyəcək, ancaq mümkündür ki, Çində ABŞ-la əlaqəli olan kimlərisə həbs edib, “kəşfiyyatçı” kimi qələmə versinlər. Müharibəyə gəldikdə isə hələlik bunun baş verəcəyini düşünmürəm”.

Turan Rzayev
Globalinfo.az