ABŞ son günlər Rusiyaya Ukrayna ilə sülh müqaviləsinin imzalanması üçün təzyiqlər edir. Vaşinqton Moskvaya bir tərəfdən sülh üçün təkid etsə də Ukraynaya yardımların da arası kəsilmir.
Maraqlıdır, ABŞ-ın əsl məqsədi nədir? Rusiya-Ukrayna müharibəsi 2024-cü ildə sonlanacaq?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qədir Aslan deyib ki, ABŞ-ın Rusiya-Ukrayna müharibəsindəki mövqeyi əslində bəllidir:
“Bununla belə Vaşinqton ənənəvi çox vektorlu və qarışıq xarici siyasət kursundan irəli gələrək vahid mövqeyi yox imiş kimi hərəkət edir. Bu həm də ABŞ-ın daxili siyasəti ilə bağlı olan məsələdir.
Prezident seçkiləri öncəsi Vaşinqton sülh çağırışları edərək daxili auditoriyada əhval-ruhiyyəni yüksək tutmağa, demokratik dəyərlərə, sülhə sadiq olduğunu göstərməyə çalışır. Xüsusilə xarici siyasətdə ictimai rəy çox mühüm faktordur.
Reallıq isə ondan ibarətdir ki, ABŞ-ın xarici siyasəti dəyişməzdir. Yəni əvvəllər olduğu kimi bu gün də Vaşinqton Kremli zəiflətmək niyyətindədir. Məhz buna görə Kiyevə davamlı silah və iqtisadi yardım edilir.
Hesab edirəm Rusiya ABŞ-ın istədiyi qədər zəifləmədiyi təqdirdə müharibə bitməyəcək, sülh əldə edilməyəcək. İki ildir müharibə davam etsə də Rusiya ayaqdadır və bu, Vaşinqtonu narahat edir. Navalnının öldürülməsi də Vaşinqtonun Rusiyaya dair planlarını ciddi mənada pozdu. Navalnı ABŞ-ın Rusiyaya qarşı ən mühüm təzyiq vasitəsi idi. Buna görə də onu dəstəkləyirdi. ABŞ indi yeni bir Navalnı yaratmalı, ya da tapmalıdır”.
Turan Rzayev
Globalinfo.az














