ABŞ-ın Pensilvaniya ştatında yaşayan FETÖ lideri Fətullah Gülənin qaçırıldığı, hətta öldüyünə dair son günlər məlumatlar yayılır. Bir ara iddia olundu ki, ABŞ onu Türkiyəyə təhvil verib. Sonradan bu iddia təkzib edildi. Amma yenə də mövzu medianın gündəmindən düşmür.
Mövzunu Globalinfo.az-a şərh edən politoloq Elxan Şahinoğlu deyib ki, FETÖ terror şəbəkəsinin rəhbəri Fətullah Gülən ətrafında bir sıra xəbərlər yayılır:
“Onun Türkiyəyə təhvil veriləcəyini ehtimal etmirəm. Çünki Gülənin uzun illər ABŞ kəşfiyyat strukturları ilə əlaqəsi olub. Əgər belə olmasa idi, ona Birləşmiş Ştatlarda yaşam icazəsi verilməz, qorunmazdı. Onun xəstə olduğu, vəziyyətinin ağırlaşdığına dair xəbərlər də yayılır. Yüksək dərəcədə şəkər xəstəliyindən əziyyət çəkir. Ölüb-ölmədiyi isə məlum deyil. Çünki ətrafındakı adamlar qorxur ki, Gülən ölərsə, şəbəkə dağıla bilər. Ona görə, yaşadığını göstərməyə çalışırlar”.
Politoloqun fikrincə, ABŞ Türkiyəni strateji müttəfiq sayırsa, Güləni Ankaraya təhvil verməlidir:
Elxan Şahinoğlu
“Birləşmiş Ştatların özəl maraqları var və bunun üçün kimsə ilə hesablaşmır. Fətullah Gülən ölərsə, şəbəkə başsız qalmayacaq. Onun Avropada, Amerikada və s. qolları var. Türkiyədə şəbəkənin bütün imkanları əllərindən alınsa da bəzi Qərb ölkələrində maliyyə resurslarını, məktəblərini və müəssisələrini qoruyur, gəlir əldə edirlər. Bunu itirmək istəməzlər. Onun yerinə kimin keçəcəyi isə ətrafındakı insanları düşündürür. Elə bir “lider” tapmaq isə çətin olacaq.
Vaxtilə Azərbaycanda Gülən şəbəkəsinin müəyyən qolları və maliyyə mənbələri var idi. Amma Türkiyədə sözügedən şəbəkəyə qarşı mübarizə gücləndikdən sonra, ölkəmizdə də onların imkanları məhdudlaşdırıldı. Tamamilə aradan qaldırıldığını söyləmək olmaz, bəlkə də gizli şəkildə işlərinə davam edirlər”.
Globalinfo.az saytının təsisçisi Azər Ayxan deyib ki, Fətullah Gülən mövzusu aktuallaşanda Azərbaycan məsələsi də gündəmə gəlir:
“Gülən tərəfdarları Azərbaycanda uzun illər fəaliyyət göstərib. Təhsildə, media, iqtisadiyyatda, QHT sektorunda, biznes sahəsində təmsil olunublar. Siyasi proseslərdə bu və başqa formada iştirak ediblər. Fətullah Gülənə bağlı yüzlərlə iş adamı ölkəmizdə onlara yaradılmış şəraitdən yararlanaraq pul qazanıb. 2016-cı ilin iyul ayının 15-də Türkiyədə hərbi qiyama cəhddən sonra bu təşkilat Azərbaycanda da qadağan edildi və üzvləri ölkədən qovuldu. Bəzi iddialara görə onlar hazırda zəif də olsa müxtəlif adlar altında Türkiyədə, Azərbaycanda fəaliyyət göstərirlər. Bu təşkilatın əsas xüsusiyyəti lazım olduqda asanlıqla yer, mövqe, şəkil dəyişdirə bilməkdir.
Azər Ayxan
2020-ci ildən sonra Azərbaycan və Türkiyə arasında bütün sahələrdə yaxınlaşma müşahidə olunur. Müharibə başa çatdıqdan sonra isə iki ölkə arasında strateji müttəfiqliklə bağlı Şuşa Bəyannaməsi imzalandı. Bu əlaqələr böyüyərək bütövlükdə türk dünyasını əhatə edir. Türk Dövlətləri Təşkilatı formatında türk respublikaları kifayət qədər yaxınlaşıblar. Bəzi ekspertlər iddia edirlər ki, FETÖ mövcud vəziyyətdən yararlanaraq yenidən Azərbaycana və digər türk dövlətlərinə sıza bilər. Türkçülük, turançılıq, türk dünyasının inteqrasiyası adı altında hazırda vüsət alan proseslər bu şəbəkə üçün yenidən təşkilatlanmaq üçün münbit şərait yaradar”.
Azər Ayxanın sözlərinə görə, FETÖ-nun bu imkanlarını məhdudlaşdırmaq üçün xüsusi xidmət orqanları var gücləri ilə çalışmalıdırlar:
“İnanırıq ki, bu cəhdlər yerindəcə bloklanacaq. Müqəddəs duyğulardan, hədəflərdən sui-istifadə edib təşkilat nə Azərbaycanda, nə başqa türk respublikalarında yenidən “dirilməz”.
Azər Ayxan bildirib ki, Fətullah Gülən Türkiyəyə təhvil verilərsə və Pensilvaniyadakı qərargah zərəsizləşdirilərsə, FETÖ-nün gizli fəaliyyət göstərən bütün şəbəkəsi tam mənası ilə çökdürüləcək.
“Hazırda ABŞ xüsusi xidmət orqanları Ankara ilə Fətullah Gülən mövzusunda məxfi danışıqlar apara bilərmi” sualına Azər Ayxan belə cavab verib:
“Siyasətdə əbədi dostluq və əbədi düşmənlik olmur. Siyasət maraqlar üzərində bərqərardır. Ona görə bu gün Fətulla Gülənin və sisteminin çökdürülməsi Amerikanın işinə gələrsə, məmnuniyyətlə onu və təşkilatını Ankaraya satar. Necə ki, 25 il öncə PKK lideri Abdullah Öcalanla bağlı eyni ssenari baş tutdu”.
Safura Bənnayeva
Globalinfo.az