Abdullayevanın sərrast cavabı – Paşinyan “nokaut”a düşdü

“Leyla Abdullayeva kifayət qədər peşəkar diplomatdır. Onun Ermənistan Baş naziri Nikol Paşinyana tutarlı cavabı bunu bir daha göstərdi”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Kənan Novruzov Parisdə keçirilən Altıncı Sülh Konfransında Ermənistan Baş naziri Nikol Paşinyanla Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın debatını şərh edərkən deyib.

Onun sözlərinə görə, Paşinyan çıxışında Azərbaycanın sülh quruculuğu prosesinə mane olduğunu iddia edib:

“Leyla xanımın cavabı o qədər konkret və məntiqli oldu ki, Ermənistan baş naziri heç nə deyə bilmədi. Bu, Ermənistan hökumətinə “nokaut” zərbəsi idi.

Leyla xanım dedi ki, Qranada görüşündən bir gün öncə Fransanın xarici işlər naziri Ermənistana səfər etdi və silahların göndərilməsi ilə bağlı qərarı açıqladı, bu addım isə sülhə töhfə verə bilməz.

Kənan Novruzov

Azərbaycanlı diplomat çıxışında nəinki İrəvanı, həm də Parisi ifşa etdi. L.Abdullayeva konkret olaraq qeyd etdi ki, Fransa obyektiv, uğurlu vasitəçi ola bilməz, buna rəsmi Parisin ritorikası, niyyəti imkan vermir.

Abdullayeva Azərbaycanın niyə Qranada görüşündən imtina etməsinin səbəblərini açıqladı. Düşünürəm ki, bu, Azərbaycan diplomatiyasının növbəti uğuru idi.

Ermənistan və digər dövlətlər bundan sonra Bakını ittiham etməzdən əvvəl iki dəfə düşünməlidirlər”.

Turan Rzayev
Globalinfo.az