Rusiyanın sədrliyi ilə Kazanda keçirilən XVI BRİKS sammitində ittifaqa hələlik yeni üzvün qəbul edilməməsi, əvəzində bəzi ölkələrə tərəfdaşlıq statusunun verilməsi razılaşdırılıb.
Sammit çərçivəsində Qazaxıstan, Əlcəzair, Belarus, Türkiyə, Boliviya, Kuba, İndoneziya, Malayziya, Nigeriya, Tailand, Uqanda, Özbəkistan və Vyetnama tərəfdaşlıq statusu verildi.
Diqqətçəkən məqam isə Fələstin Prezidenti Mahmud Abbasın ölkənin rəsmi şəkildə BRİKS-ə üzv olmaq istəyini açıqlamasıdır. Təşkilata üzvlüyü yeni təsdiqlənən İran da bu təşəbbüsü dəstəkləyir. Digər tərəfdən Çin bir müddət öncə Fələstində FƏTH ilə HƏMAS qruplaşmalarını 17 illik gərginlikdən sonra barışdırmışdı.
Yaxın Şərqdəki hazırkı gərgin vəziyyətdə Fələstinin bu istəyi nədən qaynaqlanır? Təl-Əvivin məsələyə reaksiyası necə olacaq?
Globalinfo.az-a danışan politoloq Anar Əliyev deyib ki, XVI BRİKS sammiti bir çox istiqamətlərdə yeni yanaşmaların ortaya çıxması ilə diqqəti cəlb etdi:
“30-dan artıq dövlətin, eyni zamanda bir neçə beynəlxalq təşkilatın konfransın işinə qatılması, bir çox ölkənin üzvlüklə bağlı müraciət etməsi BRİKS-in qarşıdakı illərdə çox ciddi iqtisadi güc mərkəzlərindən birinə çevrilmə perspektivini ortaya qoydu. Fələstinin təşkilata üzvlük istəyi də diqqət çəkən məsələlərdəndir. Hətta bəzi üzv ölkələr bu məsələyə müsbət baxır. Fələstinin üzvlüyünü dəstəkləyən dövlətləri sadəcə İran və Çin ilə məhdudlaşdırmaq doğru deyil.

Anar Əliyev
SSRİ dövründə Fələstin Azadlıq Təşkilatı ilə çox ciddi əməkdaşlıq mövcud idi. İttifaq dağıldıqdan sonra belə Rusiya xüsusi xidmət orqanları bu əməkdaşlığı qoruyub saxlayır. Moskva Yaxın Şərq siyasəti ilə bağlı Fələstin üzərindən gedişlər etməkdə maraqlıdır. Bu mənada Rusiyanın da bu ölkənin BRİKS-ə üzvlüyünü dəstəkləməsi mümkündür”.
Politoloqun sözlərinə görə, İsrailin son aylarda Yaxın Şərqdə hegemonluq formalaşdırmasına kontr-gediş olaraq Fələstinin BRİKS-ə üzvlüyü təsdiqlənə bilər:
“Çin İran və Rusiya Fələstin üzərindən maraqlarını təmin etmək istəyirlər. Lakin bu ölkənin tezliklə təşkilata üzv qəbul edilməsi real görünmür. Kazan konsfransında mühüm qərarlarıdan biri üzvlüklə bağlı yeni müddəaların qəbul edilməsi idi. İndiki şəraitdə Fələstin hələ ki, bu tələblərə uyğun gəlmir”.
Turan Rzayev
Globalinfo.az














